Ekvatorial Qvineyanın paytaxtı dəyişib.
Lent.az xəbər verir ki, Ekvatorial Qvineyanın Prezidenti Teodoro Obiank Ngema Mbasogo bununla bağlı müvafiq fərmanı imzalayıb.
Ekvatorial Qvineyanın paytaxtı təhlükəsizliyin artırılması və logistikanın yaxşılaşdırılması məqsədilə adada yerləşən Malabodan ölkənin mərkəzində yeni tikilmiş Ciudad de la Paz şəhərinə köçürülüb.
Fərmanda qeyd edilib ki, hakimiyyət institutlarının təhlükəsizliyini təmin etmək və ölkənin bütün bölgələrinin harmonik inkişafını dəstəkləmək üçün paytaxtın köçürülməsi zəruri sayılıb. Bildirilib ki, Malabo adada yerləşdiyi üçün xarici təhdidlərə qarşı həssasdır.
Ciudad de la Paz şəhərinin tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər Vele çayının sahilində yerləşir, Atlantik okean sahilindən 160 km şərqdədir və sıx tropik meşələrlə əhatələnib. Şəhər Qabonla sərhəddən 25 km, Kamerunla sərhəddən isə 60 km uzaqlıqda yerləşir.
Artıq əksər nazirliklər və dövlət qurumları Malabodan yeni paytaxta köçürülüb.
Ekvatorial Qvineya Afrikada sahəsinə görə 44-cü ölkədir. Ölkənin əsas hissəsi qitədə yerləşir (26 min km²). 2 milyon əhalisinin də 80%-i ölkənin qitə hissəsində yaşayır.