Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun ulduzu Lionel Messi atasının ölümündən sonra futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı ciddi tərəddüdlər yaşadığını açıqlayıb.
Lent.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 68 yaşlı Xorxe Messi uzun sürən xəstəlikdən sonra Argentinanın Rosario şəhərində vəfat edib. Lionel Messi atasının ölümündən sonra ilk dəfə sosial şəbəkədə emosional paylaşım edib.
“Getdiyinə hələ də inana bilmirəm. Daha səni görməyəcəyimi və söhbət edə bilməyəcəyimizi təsəvvür etmək çox çətindir. Əziyyət çəkdiyini və bunun sənin üçün daha yaxşı olduğunu bilirəm. Amma çox tez getdin”, – Messi yazıb.
“Sənsiz nə edəcəyimi bilmirəm”
39 yaşlı futbolçu atasının yoxluğunun gələcək karyerası ilə bağlı düşüncələrinə də ciddi təsir göstərdiyini etiraf edib:
“Sənsiz nə edəcəyimi və necə davam edəcəyimi bilmirəm. Bütün həyatım boyu futbol oynamışam. İndi isə bunu daha nə qədər davam etdirəcəyimlə bağlı ciddi şübhələrim var. İlk gündən yanımda idin, yolun sonuna isə çox az qalmışdı”.
Messi atasını yalnız valideyn deyil, həm də ən yaxın dostu və meneceri adlandırıb. O bildirib ki, Xorxe Messi oğlunun heç bir oyununu buraxmayıb, uğurlarına sevinib və karyerasının bütün mühüm mərhələlərində yanında olub.
Dünya çempionatını izləyə bilməyib
Xorxe Messinin səhhəti 2026-cı il Dünya çempionatı ərəfəsində ağırlaşıb. Lionel atasının sağalaraq turnirin finalına gələcəyinə ümid etdiyini bildirib. Lakin Xorxe Messinin vəziyyəti oyunları izləməsinə imkan verməyib.
Argentina turnirin finalına yüksəlsə də, İspaniyaya məğlub olaraq ikinci yeri tutub. Futbolçu atasının bu uğurlu yürüşü görə bilməməsindən dərin təəssüf hissi keçirdiyini qeyd edib.
Xorxe Messi uzun illər oğlunun nümayəndəsi kimi çalışıb, müqavilə danışıqlarında və karyera qərarlarında əsas rol oynayıb. O, Lionelin uşaq yaşlarında Argentinadan Barselonaya getməsinə və futbol dünyasında yüksəlməsinə böyük dəstək verib.
Lionel Messi hələlik karyerasını bitirməsi barədə rəsmi qərar açıqlamayıb. Lakin onun son sözləri futboldan ayrılmasının gözləniləndən daha tez baş verə biləcəyi ehtimalını gücləndirib.