ABŞ sakini Tanya Herbert dünyanın ən böyük ayağına sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun qeyri-adi bədən ölçüləri gündəlik həyatına ciddi təsir göstərir və ən böyük problemi uyğun ayaqqabı tapmaqdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan Tanya Herbert 2022-ci ildə rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. Onun sağ ayağının uzunluğu 33,1 santimetr, sol ayağının uzunluğu isə 32,5 santimetrdir. Bu isə təxminən 52 ölçülü ayaqqabıya uyğun gəlir. Tanyanın boyu da kifayət qədər uzundur – təxminən 205-206 santimetr. O, dünyanın ən hündür qadınlarından biri hesab olunur. Rekordçunun sözlərinə görə, bu xüsusiyyət əsasən genetik irsiyyətlə bağlıdır. Valideynləri də çox hündürboylu olublar.
Ən böyük problem - ayaqqabı tapmaq
Tanya Herbert üçün ən çətin məsələ adi mağazalarda ayaqqabı tapa bilməməsidir. Yeniyetmə yaşlarında qadın ayaqqabısı tapılmadığı üçün o, 48 ölçülü kişi ayaqqabıları geyinməyə məcbur qalıb. Hazırda vəziyyət qismən yaxşılaşıb. O, fərdi sifarişlə ayaqqabı hazırlayan bir neçə brendlə əməkdaşlıq edir, həmçinin internet üzərindən sifariş verir. Bəzi ayaqqabıları isə daha rahat və zərif görünməsi üçün özü dəyişdirir.
Populyarlığın mənfi tərəfi
Rekord ona dünya şöhrəti qazandırsa da, sosial şəbəkələrdə xoşagəlməz hallarla da üzləşir. Tanya bildirib ki, tez-tez tanımadığı şəxslərdən ayaqlarının şəkillərini pul qarşılığında paylaşması ilə bağlı təkliflər alır. Şərhlərdə də müxtəlif fetiş xarakterli mesajlarla rastlaşır. O, belə təklifləri qəbul etmədiyini və onları prinsipial şəkildə görməzlikdən gəldiyini deyib.
Rekorddan kənar həyatı
Bütün çətinliklərə baxmayaraq, Tanya Herbert həyatında inancın və mənəvi dəyərlərin mühüm yer tutduğunu deyir. Onun sözlərinə görə, məhz bu dəyərlər ictimai diqqətin yaratdığı təzyiqin öhdəsindən gəlməsinə kömək edir. Bu il iyunun 1-də 42 yaşını qeyd edən rekordçu bildirib ki, onun üçün yaş deyil, inkişaf etmək, inancını qorumaq və keçdiyi yola görə minnətdar olmaq daha önəmlidir.
Moda sənayesində dəyişiklik istəyir
Tanya Herbert qeyri-standart ayaqqabı ölçüsünə malik insanların problemlərinə diqqət çəkmək üçün də fəaliyyət göstərir. O, böyük ölçülü ayaqqabılar istehsal edən brendlərlə əməkdaşlıq edir və hesab edir ki, dəbli geyinmək hər kəs üçün əlçatan olmalıdır. Onun fikrincə, moda sənayesi müxtəlif bədən quruluşuna və ölçülərə malik insanları da nəzərə almalıdır.
