Dünyanın yarısının danışdığı beş dil
19 avqust 2026 15:03 (UTC +04:00)

Dünyanın yarısının danışdığı beş dil

0

Dünyada milyardlarla insan müxtəlif dillərdə danışır, lakin bəzi dillər həm danışanların sayı, həm də qlobal təsir imkanlarına görə digərlərindən ciddi şəkildə fərqlənir. 2026-cı il üzrə təqdim edilən məlumatlara əsasən, ingilis, Çin, hindi, ispan və ərəb dilləri dünyanın ən geniş yayılan dilləri sırasında ilk beşlikdə yer alır.

Lent.az xəbər verir ki, siyahıya təxminən 1,5 milyard insanın istifadə etdiyi ingilis dili başçılıq edir.

İngilis dilini ana dili kimi danışanların sayı bundan xeyli az olsa da, onun ikinci və üçüncü dil kimi geniş öyrənilməsi ümumi göstəricini yüksəldir. Biznes, elm, internet, aviasiya və beynəlxalq münasibətlərdə geniş istifadə olunması ingilis dilinin mövqeyini qorumasına imkan verir.

İkinci pillədə təxminən 1,2 milyard danışanı olan mandarin Çin dili qərarlaşıb. Bu dil əsasən Çin, Tayvan, Sinqapur və dünyanın müxtəlif ölkələrindəki Çin diasporunda geniş yayılıb. Son illərdə Çinin iqtisadi çəkisinin artması mandarin dilinə marağın da yüksəlməsinə səbəb olub.

Hind dili isə 611 milyon istifadəçisi ilə üçüncü yerə yüksəlib. Son 30 ildə bu dilin istifadəçilərinin sayında böyük artım qeydə alınıb. Bunun əsas səbəblərindən biri Hindistan əhalisinin sürətlə çoxalması və ölkənin dünyanın ən çox əhaliyə malik dövlətinə çevrilməsidir.

Dördüncü yerdə təxminən 560 milyon insanın danışdığı ispan dili gəlir. İspan dili Latın Amerikası ölkələrinin böyük hissəsində geniş istifadə olunur. ABŞ-da ispandilli əhalinin artması da dilin qlobal təsirinin güclənməsinə səbəb olur.

İlk beşliyi isə təxminən 335 milyon istifadəçi ilə standart ərəb dili tamamlayır. Ərəb dili Yaxın Şərq və Şimali Afrikanın çoxsaylı ölkələrində rəsmi statusa malikdir. Bununla yanaşı, gündəlik danışıqda bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən yerli ərəb dialektləri istifadə olunur.

Məlumata görə, rus dili təxminən 210 milyonluq ərazini əhatə etməklə ilk beşliyə daxil deyil. Son onilliklərdə demoqrafik dəyişikliklər və postsovet məkanında dil istifadəsinin azalması onun reytinqdəki mövqeyinə təsir göstərib.

Mütəxəssislər gələcək illərdə də siyahının dəyişə biləcəyini bildirirlər. Xüsusilə Hindistan və digər sürətlə böyüyən ölkələrdə demoqrafik proseslərin bəzi dillərin daha geniş yayılmasına səbəb olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar