Malayziyada bir qadın qayınanasının zinət əşyalarını oğurlamaq üçün soyğunçuluq edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Pahanq əyalətində polis qayınanasının qızıl-zinət əşyalarını oğurlamaq üçün saxta soyğunçuluq etməkdə şübhəli bilinən 27 yaşlı qadını həbs edib. Qadın məmurlara deyib ki, guya o, silahlı hücumun qurbanı olub. Onun sözlərinə görə, əllərində bıçaq olan 4 maskalı şəxs qayınanasının evinə soxularaq ümumilikdə 2700 dollar dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Lakin əlavə araşdırma zamanı məlum olub ki, hadisə səhnələşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, gəlin oğurluğu cinayət ortaqları ilə birlikdə özü planlaşdırıb. Qadın qızıl-zinət əşyalarının satışından əldə etdiyi pulu borclarına və cinayət ortaqlarına verib.
Xüsusi əməliyyat zamanı 4 nəfər, o cümlədən quldurluğun təşkilatçısı və 27-36 yaşlarında olan 3 nəfər saxlanılıb. Bütün şübhəlilərdə metamfetamin aşkar edilib və onlar quldurluq, narkotik maddələr eləcə də yaşayış evlərindən oğurluq etməkdə təqsirli biliniblər.