Gəmi sahibləri Qırmızı dənizdən təhlükəsiz keçmək üçün Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatına elektron poçt vasitəsilə müraciət etməyə başlayıblar.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Bildirilib ki, husilərin iyul ayında Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra bəzi gəmi sahibləri təhlükəsizlik təminatı almaq üçün hərəkatın yaratdığı Humanitar Əməliyyatların Koordinasiya Mərkəzinə müraciət ediblər.
Husilər ABŞ, Böyük Britaniya və İsraillə əlaqəsi olmayan gəmilərin Qırmızı dənizdən və Bab əl-Məndəb boğazından keçməsini rəsmən qadağan etməyiblər. Buna baxmayaraq, gəmi sahibləri mümkün hücumlardan qorunmaq üçün əlavə təminat almağa çalışırlar.
Beynəlxalq dənizçilik qurumları isə gəmi sahiblərinə husilərlə əlaqə saxlamamağı və gəmilərini onların sistemində qeydiyyatdan keçirməməyi tövsiyə edir.
Məlumata görə, husilər müraciətlərə adətən 24 saat ərzində cavab verir və gəmilərə yerləşmə mövqeyi, sürət və təyinat məntəqəsi barədə məlumat ötürən avtomatik identifikasiya sistemini söndürməməyi məsləhət görürlər.