Mağarada 165 kəllə  tapıldı
07 noyabr 2026 13:08 (UTC +04:00)

Mağarada 165 kəllə tapıldı

0

Meksikada mağaradan tapılan 165 insan kəlləsinin araşdırılması qədim mayyaların dini ayinləri ilə bağlı yeni faktları üzə çıxarıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təxminən min il əvvələ aid qalıqlar Meksikanın Çiapas ştatının Frontera-Kom alapa bölgəsində yerləşən mağarada aşkar edilib.

Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) məlumatına görə, 2012-ci ildə tapılan kəllələr eramızın 900–1200-cü illərinə aiddir. Araşdırma zamanı onlardan 83-nün qadınlara, 79-nun kişilərə məxsus olduğu müəyyən edilib. Digər üç kəllənin kimə aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Alimlər bildirirlər ki, bu nəticə mayyaların dini mərasimlərində əsasən kişi hərbi əsirlərin iştirak etdiyi barədə təsəvvürləri yenidən nəzərdən keçirməyə əsas verir.

Araşdırma zamanı üç nəfərin sümüklərində kəsik izləri, bəzi qalıqlarda isə yüksək temperaturun təsirləri aşkar edilib. Mağaranın tavanındakı his izləri burada məşəllərdən istifadə olunduğunu göstərir.

Arxeoloq Xosue Losada Toledonun sözlərinə görə, mağara yağış duaları və digər dini mərasimlərin keçirildiyi müqəddəs məkan ola bilər.

Lakin mütəxəssis vurğulayıb ki, sümüklərdəki izlər insanların qurban verildiyini sübut etmir.

Tədqiqatçılar kəllələrin əksəriyyətində alt çənənin olmadığını, üst çənədəki dişlərin isə çıxarıldığını müəyyən ediblər. Bu da insan qalıqlarının ölümdən sonra müxtəlif dini mərasimlərdə istifadə oluna biləcəyini göstərir.

Alimlər mağaranın qədim mayyaların inanclarında hansı rolu oynadığını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar