İnsanlar yox olarsa, Yer kürəsinə hansı heyvan hakim  olacaq?
16 may 2026 12:38 (UTC +04:00)

İnsanlar yox olarsa, Yer kürəsinə hansı heyvan hakim olacaq?

0

İnsanlar Yer üzündən yox olsa, planetdə hakim növə çevrilə biləcək canlı ilə bağlı maraqlı iddia irəli sürülüb. Alimlərin fikrincə, güclü zəka, yüksək uyğunlaşma qabiliyyəti və xaotik şəraitdə sağ qalmaq bacarığı sayəsində gələcəyin dominant növü məhz ahtapotlar ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Tim Coulson uzun illər ərzində ali yırtıcıların yoxa çıxmasının ekosistemlərə təsirini araşdırıb. Onun qənaətinə görə, insanlar birdən-birə yox olarsa, Yer kürəsində yaranacaq boşluğu doldurmaq üçün ən böyük potensiala malik canlı məhz ahtapotlardır.

Alim qeyd edir ki, ilk baxışda insanabənzər meymunlar əsas namizəd kimi görünür. Lakin onların güclü sosial əlaqələrdən asılı olması və yavaş çoxalması dəyişən ekoloji şəraitdə üstünlük qazanmağa mane ola bilər. Bundan əlavə, primatların populyasiyası az və coğrafi baxımdan məhduddur.

Quşlar, xüsusilə qarğalar, quzğunlar və tutuquşular yüksək intellektə malik olsalar da, sivilizasiya qurmaq üçün lazım olan incə fiziki manipulyasiya bacarıqları onlarda kifayət qədər inkişaf etməyib. Həşəratlar isə mürəkkəb strukturlar qursalar da, bu davranış daha çox genetik instinktlərlə əlaqələndirilir.

Bioloqun fikrincə, ahtapotları fərqləndirən əsas xüsusiyyət onların qeyri-adi sinir sistemidir. Onların neyronlarının təxminən üçdə ikisi beyində deyil, qollarında yerləşir. Bu isə onlara çevik qərarvermə və gözlənilməz vəziyyətlərə uyğunlaşma imkanı yaradır.

Araşdırmalara görə, ahtapotlar alətlərdən istifadə edə, mürəkkəb tapşırıqları həll edə və yeni mühitlərə tez uyğunlaşa bilir. Onlar bankaların qapaqlarını açmaq, obyektləri fərqləndirmək və müxtəlif şəraitlərdə yaşamaq qabiliyyəti ilə diqqət çəkirlər. Alimlər hesab edir ki, uzunmüddətli təkamül nəticəsində bu xüsusiyyətlər daha da inkişaf edə bilər.

Bununla belə, bəzi mütəxəssislər bu fikirlə tam razı deyil. Culum Brovn bildirib ki, ahtapotların ömrünün çox qısa olması onların təkamül imkanlarını məhdudlaşdırır. Əksər növlər cəmi bir il, bəziləri isə altı ay yaşayır.

Digər problem isə sosial münasibətlərlə bağlıdır. Peter Godfrey Smit qeyd edib ki, ahtapotlarda nəsillərarası bilik ötürülməsi demək olar ki, yoxdur. Halbuki mədəniyyət və sivilizasiya üçün məhz belə əlaqələr əsas şərtlərdən sayılır.

Buna baxmayaraq, alimlər hesab edir ki, insanların yoxluğu halında təbiət tamamilə gözlənilməz istiqamətdə inkişaf edə bilər və ahtapotlar gələcəyin ən ağıllı canlılarından birinə çevrilmək potensialına malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar