Deputat 13 saat tualetdə  qaldı - Qeyri-adi fövqəladə vəziyyət
21 sentyabr 2026 14:23 (UTC +04:00)

Deputat 13 saat tualetdə qaldı - Qeyri-adi fövqəladə vəziyyət

0

Belçikada qəribə və eyni zamanda təhlükəli hadisə baş verib. Flamand Parlamentinin deputatı Frederik Erens qanunverici orqanın tualetində təxminən 13 saat bağlı qapı arxasında qalıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı deputat iş gününün sonunda evə getməzdən əvvəl tualetə daxil olub. Lakin qapının kilidində qəfil nasazlıq yarandığı üçün otaqdan çıxa bilməyib.

Vəziyyəti daha da çətinləşdirən məqam onun mobil telefonunu iş otağında unutması olub. Bu səbəbdən deputat heç kimlə əlaqə saxlaya bilməyib. Həmin vaxt əməkdaşların əksəriyyəti artıq binanı tərk etdiyindən onun qışqırıq və qapını döyməsini eşidən olmayıb.

Hadisə zamanı əlavə təhlükə havalandırma sistemi ilə bağlı yaranıb. Sistemin yalnız hərəkət sensorları işə düşdükdə təmiz hava verdiyi bildirilir. Bundan başqa, ağır yanğına davamlı qapı da otağa hava axınını məhdudlaşdırıb.

Havanın getdikcə ağırlaşdığını görən Erens əlinə keçən metal əşyadan istifadə edərək qapının yuxarı və aşağı hissəsində iki dəlik açıb. Bununla o, otaqda minimum hava dövranını təmin etməyə çalışıb.

Deputat yalnız səhər saat 06:00 radələrində təmizlik işçisinin otağa gəlməsi ilə aşkarlanıb. Kilidi adi üsulla açmaq mümkün olmadığından əməkdaşlar və xilasedicilər qapını ling vasitəsilə sındırmalı olublar.

Uzun müddət qapalı məkanda qalan, halsız və çaşqın vəziyyətdə olan deputat tibbi müayinə üçün Brüsseldəki Sen-Jan xəstəxanasına aparılıb. Müayinədən sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib və evə buraxılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar