İsrail və İran arasında gizli razılaşma  - ABŞ mediası xəbər verir
15 yanvar 2026 16:12 (UTC +04:00)

İsrail və İran arasında gizli razılaşma - ABŞ mediası xəbər verir

0

ABŞ-da nəşr olunan "The Washington Post" qəzeti Tel-Əviv və Tehranın İranda böyük etirazlar başlamazdan əvvəl Rusiya vasitəsilə gizli razılığa gəldiyini bildirib. Xəbərdə iddia olunur ki, iki ölkə ilk hücumu etməmək üçün Rusiya vasitəsilə razılığa gəliblər.
İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail və İranın Rusiya vasitəsilə bir-birinə ilk hücumu başlatmayacaqları barədə zəmanət verdiyi iddia edilib.

Lent.az bildirir ki, "Washington Post" qəzetinin məsələ ilə tanış olan rəsmilərə istinadən verdiyi məlumata görə, İsrail rəsmiləri İranda 2025-ci ilin dekabr ayının sonlarında başlaması planlaşdırılan etirazlardan bir neçə gün əvvəl Rusiya vasitəsilə İran hökumətinə mesaj göndəriblər.

Mesajda bildirilir ki, İsrailə hücum edilməyəcəyi təqdirdə İrana hücum edilməyəcək. Məlumata görə, İran hökuməti də bunun müqabilində ilk hücumu etməyəcəyini bildirib.

Rəsmilərin sözlərinə görə, İsrail İranla gərginliyi artıracaq və ya İrana qarşı yeni hücumlara yol açdığı təəssüratı yaradacaq addımlar atmaqdan çəkinməyi hədəfləyir.

Məsələ ilə tanış olan iki rəsmi şəxs İran rəsmilərinin İsrailin təşəbbüsünə müsbət reaksiya verdiyini, lakin İsrailə ehtiyatla yanaşdığını bildirib. Rəsmilər bildiriblər ki, İran xüsusilə İsrailin müttəfiqi olan ABŞ-ın potensial hücum ehtimalından narahatdır.

Digər tərəfdən, İranda başlayan etirazların iki ölkənin strateji hesablamalarına necə təsir edəcəyi və İsrail ilə İranın bu razılaşmaya əməl edib-etməyəcəyi hələ də məlum deyil.

İsrail rəsmilərinin İrana verdikləri vədlərdən geri çəkilib ABŞ-ın rəhbərlik etdiyi mümkün hücumda iştirak edib-etməyəcəyi də qeyri-müəyyən olaraq qalır.

İranda, yerli valyutanın xarici valyutalara qarşı sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən Tehranın Böyük bazarında tacirlərin rəhbərliyi ilə 2025-ci il dekabrın 28-də başlayan etirazlar bütün ölkəyə yayılıb.

Yanvarın 8-də paytaxt Tehranda şiddətlənən etirazlar zamanı baş verən toqquşmalardan sonra hökumət internetə çıxışı bloklayıb.

İran rəsmiləri hələlik hadisələrdə ölən və ya yaralananların ümumi sayı ilə bağlı açıqlama verməsə də, ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlar zamanı baş verən toqquşmalarda 2615 nəfərin həyatını itirdiyini və 18470 nəfərin saxlanıldığını açıqlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar