Hindistanın Cammu şəhərində polis pəncəsinə dəmir yolu vağzalını partlatmaqla bağlı hədələyici məktub bağlanmış göyərçini tutub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, quş avqustun 18-i axşam Pakistanla təmas xətti yaxınlığında yerləşən Katmariya bölgəsində tutulub.
Qeyddə urdu və ingilis dillərində “Kashmir Freedom” (“Kəşmir azadlığı”), “Time has come” (“Zaman çatdı”) sözləri, həmçinin partlayıcı vasitəsilə vağzalın partladılacağı ilə bağlı xəbərdarlıq yazılıb.
Mənbələr bildiriblər ki, bu, göyərçin vasitəsilə göndərilən ilk qeydə alınmış hədədir. Bundan əvvəl Pakistan tərəfindən müxtəlif yazılar olan şarlar, bayraqlar və quşlar buraxılıb.
Təhlükəsizlik tədbirləri gücləndirilib: vağzalın və dəmir yolu xətlərinin mühafizəsinə kinoloqlar və sapyorlar cəlb olunub, polis gücləndirilmiş rejimdə xidmət aparır. Mütəxəssislər bunun sadəcə kimsənin zarafatı, yoxsa əvvəlcədən planlaşdırılmış sui-qəsdin bir hissəsi olub-olmadığını yoxlayırlar.
Ekspertlər hesab edirlər ki, göyərçin məhz bu cür məktubları çatdırmaq üçün xüsusi öyrədilmiş ola bilər. Onlar vurğulayırlar ki, belə hallara hakimiyyət ən yüksək səviyyədə ciddi yanaşmağa məcburdur.