Yapon alimləri ürəyin qocalmasını  ləngitməyin yolunu tapıblar
01 may 2026 07:37 (UTC +04:00)

Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar

0

Yapon alimləri müəyyən ediblər ki, mitorubin adlı birləşmə ürəyin funksiyasının yaşla bağlı zəifləməsini ləngidə və hətta onu qismən bərpa edə bilər.

Lent.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Qakusyuin Universitetinin professoru Siqeru Yanaqiyə istinadla məlumat yayıb.

Tədqiqatçılar təbii birləşmə olan berberin əsasında yaradılmış eksperimental maddə olan mitorubinin təsirini araşdırıblar. Berberin tibdə istifadə olunur və zirinc, qızılçətir, Amur məxməri kimi bəzi bitkilərin tərkibində mövcuddur. Preparatın hüceyrə energetikasına təsirini anlamaq üçün onun təsiri siçan hüceyrələri üzərində sınaqdan keçirilib.

Alimlərin sözlərinə görə, yaş artdıqca mitoxondrilərin sayı azalır, onların funksiyaları zəifləyir və bu, ürək əzələsinin vəziyyətinə mənfi təsir göstərir. Araşdırma göstərib ki, mitorubin mitoxondrilərin “keyfiyyət nəzarəti”nə cavabdeh olan MITOL molekullarının səviyyəsini artırır və onların sayının çoxalmasına şərait yaradır.

Nəticədə hüceyrələrin enerji istehsal etmək qabiliyyəti güclənir ki, bu da eksperimentin nəticələrinə əsasən, ürəyin fəaliyyətinin yaşla bağlı pisləşməsini ləngitməyə və hətta onun funksiyalarını qismən bərpa etməyə kömək edir.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan tədqiqatlar zamanı əldə olunub. Metodun insanlar üçün effektivliyi və təhlükəsizliyinin təsdiqlənməsi məqsədilə əlavə araşdırmalara ehtiyac var.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, mitoxondrilərin fəaliyyətinin azalması yaşla bağlı bir çox xəstəliklərin əsasını təşkil edir və mitorubinin daha ətraflı öyrənilməsi ürək-damar pozğunluqlarının müalicəsi üçün yeni yanaşmaların hazırlanmasını sürətləndirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar