Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub – həm funksionallıq, həm də estetika vacib sayılır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə və dekorativ plyonkalar almağa başlayır.
Bununla belə, tül tamamilə istifadədan çıxmayıb, sadəcə ciddi dəyişikliklərə uğrayıb. İndi pəncərələr üçün daha çox kətan və ya pambıq kimi təbii, yüngül parçalar seçilir. Bu materiallar işığın otağa yumşaq şəkildə daxil olmasına imkan yaradır və isti, rahat mühit formalaşdırır. Üstəlik, bu seçimlər müxtəlif interyer üslublarına uyğun gəlir.
Həmçinin “gündüz-gecə” modelləri də trenddədir. Bu pərdələr işığın miqdarını və məxfiliyi asanlıqla tənzimləməyə imkan verir. Rulon pərdələr uzunömürlüdür, qulluq etmək asandır və çox vaxt birbaşa pəncərə çərçivəsinə quraşdırılır, bu da məkanı qənaətlə istifadə etməyə kömək edir. Bundan əlavə, bir çox yeni modellərdə sallanan şnurlar yoxdur ki, bu da onları uşaqlar üçün daha təhlükəsiz edir.
Eyni zamanda, getdikcə daha çox insan tül istifadəsindən tam imtina edir. Onun əvəzinə mat şüşə, dekorativ plyonkalar və ya ehtiyac olduqda qaralan “ağıllı” şüşələrdən istifadə olunur. Bu cür həllər interyerə müasir görünüş verməklə yanaşı, məxfiliyi də təmin edir.
Digər maraqlı alternativ isə bitkilərdən ibarət yaşıl arakəsmələrdir. Bu üsul həm məkanın məxfiliyini qoruyur, həm də evə təbii bir görünüş qatır.