Əsgər yoldaşına “zarafatla” güllə atan əsgərin məhkəməsi başladı
18 may 2010 15:00 (UTC +04:00)

Əsgər yoldaşına “zarafatla” güllə atan əsgərin məhkəməsi başladı

Mayın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən hərbi qulluqçunun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Lent.az-ın məlumatına görə, hakim İlham Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Məhəmməd Amoyevin cinayət işi üzrə ittiham aktını elan edib.

İttiham aktına əsasən, M. Amoyev xidmət etdiyi Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edərkən avtomat silahdan əsgər yoldaşı Samir Mollayevi öldürmək məqsədilə atəş açıb. Açılan atəş S. Mollayevə dəyməyib, M. Amoyev isə həbs edilib.

M. Amoyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş əsgər yoldaşı Samir Mollayevlə zarafat etdiyini söyləyib. M. Amoyev S. Mollayevin ayağının altına atəş açdığını bildirib.

Zərərçəkmiş qismində ifadə verən S. Mollayev də hadisənin aralarında yaranan zarafat nəticəsində baş verdiyini söyləyib.

Qeyd edək ki, M. Amoyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar