Helikopter qəzasında yaralanan iki nəfər evə buraxıldı
13 iyul 2009 18:30 (UTC +04:00)

Helikopter qəzasında yaralanan iki nəfər evə buraxıldı

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dünən baş verən helikopter qəzası ilə bağlı rəsmi açıqlama yayıb.
Şirkətin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda iyulun 12-də, saat 16.30 radələrində ARDNŞ-nin əməkdaşlarını daşıyan “AZAL” hava yollarına məxsus Mİ-8 helikopteri Xəzərin Azərbaycan sektorunda qəzaya uğradığı bildirilib: “Qəza helikopter “28 May” NQÇİ-nin Çilov adası ərazisindəki 13-cü bloka uçmaq üçün 4-cü blokdan havaya qalxarkən baş verib. Qəza zamanı helikopterin bortunda 3 nəfər ekipaj üzvü - komandir Əliyev Alik, ikinci bort mühəndisi Nekrasov Vitalik, bort mexaniki Əzimov Aqil, həmçinin 28 May NQÇİ-nin kompressor sexinin dizelçisi Talıbov Aydın, SOCAR-AQŞ-nin “Korvet” firmasından cəlb etdiyi kran üzrə mütəxəssis Maskalenko Viktor və Xəzər dəniz Dalğıc-Xilasetmə İşləri İdarəsinin dalğıcı Nehmətov Rafiq olub. ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının yaxınlıqdakı gəmiləri dərhal hadisə yerinə gələrək xilasetmə işlərinə başlayıb. Tezliklə helikopterin ekipaj üzvləri A. Əliyev, V. Nekrasov A. Əzimov və 28 may NQÇİ-nin kompressor sexinin dizelçisi A.Talıbov Neft Donanmasının “Məcik” gəmisinin əməkdaşları tərəfindən xilas ediliblər.
Xilas edilənlər təcili şəkildə “AZAL”-ın Zabratdakı vertolyot meydançasına çatdırılıb, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasının təcili səfərbər olunmuş həkimlərinin nəzarəti altında həmin xəstəxanaya gətiriliblər. Təxminən yarım saat sürən həkim müayinəsindən sonra onların ikisi evə buraxılıb, digər iki nəfəri isə müayinə olunmaq məqsədi ilə xəstəxanada saxlanılıb. Onların vəziyyəti qənaətbəxşdir. SOCAR-AQŞ-nin krançısı V. Maskalenko və Xəzər dəniz Dalğıc-Xilasetmə İşləri İdarəsinin dalğıcı R. Nehmətovun axtarışı davam etdirilir. Xilasetmə əməliyyatlarına ARDNŞ-nin, Fövqəladə Hallar Nazirliyinin və AZAL-ın vertolyotları, gəmiləri və dalğıc heyəti cəlb edilib. Artıq Mİ-8 helikopterinin düşdüyü ərazi müəyyənləşdirilib və onun qalıqlarının çıxarılması məqsədi ilə müvafiq qurumların texnika və mütəxəssisləri mobilizə olunublar. Bu istiqamətdə operativ tədbirlər həyata keçirilir. Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün Dövlət Mülki Aviasiya Adminstrasiyasının rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb”.
Pərvin ABBASOV
# 875

Oxşar yazılar