Urumçidəki azərbaycanlılar geri qayıda bilmirlər - EKSKLÜZİV
13 iyul 2009 19:00 (UTC +04:00)

Urumçidəki azərbaycanlılar geri qayıda bilmirlər - EKSKLÜZİV

Səfirlik: Hazırda Çində olan vətəndaşlarımız öz arzusu ilə qalanlardır


Hazırda Çinin Urumçi şəhərində olan Azərbaycan Respublikasının vətəndaşları vətənə dönməkdə problemlə üzləşiblər.


Bu barədə Lent.az-a Urumçidən yenicə dönmüş soydaşlarımızdan biri məlumat verib. O, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Urumçidən Bakıya reysinin olduğunu, təyyarələrin həftədə iki dəfə uçduğunu deyib: “Təyyarələr Bakıya həftənin çərşənbə axşamı və cümə axşamı günləri uçur. Ötən həftə çərşənbə axşamı uçmalı olan təyyarə bir gün gecikmə ilə ertəsi gün havaya qalxdı ki, bu da narahatlıq yaratdı. Hazırda yüzlərlə azərbaycanlı Urumçidədir. Onlar Azərbaycana dönmək istəyirlər, çünki orada vəziyyət pisdir”.


Başqa mənbə isə Lent.az-a bildirib ki, son iki həftə ərzində Urumçidən Bakıya təyyarə ilə yük gəlməyib. Azərbaycan vətəndaşları Urumçidən ölkəyə müxtəlif mallar gətirir. Azərbaycanlıların həmin şəhərdə sexləri də var. Həmin sexlərdə yerli əhali çalışır.


Lent.az məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN), Azərbaycanın Çindəki səfirliyinə və “AZAL”-a müraciət edib. Səfirlikdən telefon zənglərinə cavab verilməyib. XİN-in mətbuat katibi Elxan Poluxov Lent.az-ın sorğusu əsasında Çinin Azərbaycandakı səfirliyinə müraciət edib. “Azərbaycanın Çindəki səfirliyindən XİN-ə verilən məlumata görə, Urumçidə olan və Çini tərk etmək istəyənlərin bu arzusu təmin olunub. Hazırda Çində olan vətəndaşlarımız öz arzusu ilə qalanlardır. Urumçidə hadisələr baş verən ilk günlər ərzində – komendant saatı tətbiq olunandan sonra – vətəndaşlarımızın hava limanına çatmasında çətinliklər var idi. Lakin sonradan bu problemlər həll olundu. Oradakı vətəndaşların Azərbaycana gəlməsində “AZAL”-ın reyslərindən istifadə olunub. Nəinki Azərbaycan, eyni zamanda digər ölkələrin vətəndaşlarına da bu bölgəni tərk etməsi üçün xidmət göstərilib. Bugünkü günə Urumçidəki vətəndaşlarımızın hər hansı probleminin olması ilə bağlı – həbs olunma, xəsarət alma və s. – səfirliyə məlumat daxil olmayıb. Bu cür məlumatlar nə Urumçidəki vətəndaşlar, nə də Çin rəsmi dairələri tərəfindən daxil olub” – deyə, XİN rəsmisi bildirib.


E.Poluxov Urumçidəki Azərbaycan vətəndaşlarının sayı barədə məlumata malik olmadıqlarını bildirib. O, hazırda əlavə reyslərin açılmasına tələbatın olmadığını deyib: “Artıq Urumçini tərk etmək istəyənlərin sayı azaldığına görə hazırda stabil reyslər həyata keçirilir”.


“AZAL”-ın Xidmət rəisi Məhərrəm Səfərli isə Lent.az-a açıqlamasında bunları deyib: ““AZAL” Urumçiyə həftədə 2 dəfə reys həyata keçirir. Bundan başqa, həftədə 3 dəfə Çin şirkətinin təyyarəsi Bakıya və geriyə uçur. Məsələn, iyulun 9-da Bakıdan Urumçiyə 37 nəfər, geriyə (Bakıya) isə 115 nəfər uçub. Söhbət 180 yerlik təyyarədən gedir. Ümumiyyətlə, hər reys zamanı təyyarədə 50-80 yer boş olur”.

M.Səfərli son iki həftədə Urumçidən Bakıya yük gətirilməməsi barədə məlumatı da təkzib edib: “Yük daşımalarında da heç bir dəyişiklik baş verməyib, vəziyyət sabitdir”.

Pərvin ABBASOV
# 586

Oxşar yazılar