Bakı-Quba yolunda dəhşətli qəza
13 iyul 2009 19:45 (UTC +04:00)

Bakı-Quba yolunda dəhşətli qəza

Beton arakəsmələrə çırpılan “BMW” bir neçə yerə bölünüb, 2 nəfər faciəli şəkildə ölüb
Ötən axşam saat 22.00 radələrində yeni inşa edilmiş Bakı-Quba-Rusiya sərhədi beton yolunun 130,5 kilometrliyində dəhşətli qəza baş verib.

Lent.az-ın məlumatına görə, Nabrandan Bakıya gələn “BMW” markalı avtomobil yolun kənarındakı beton arakəsmələrə çırpılıb. Zərbə o qədər güclü olub ki, maşın bir neçə yerə bölünüb və ön hissəsi 50 metr kənara uçub. Hadisə nəticəsindən iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Həlak olanlar Bakının Yasamal rayon sakini, 17 yaşlı Məmmədov Samir Nağı oğlu və Sabunçu rayon sakini, 21 yaşlı Əli Vahid oğlu Aşirovdur. Avtomobilin sürücüsü, Bakının Sabunçu rayon sakini, 22 yaşlı Zaur Qubad oğlu Bəndəliyev isə xəsarət alıb.

Hadisə yeri Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən müayinə edilib. Şöbənin müstəntiqi Hikmət Kərimov bildirib ki, Zaur Bəndəliyev və Əli Aşirov Nabrandan birlikdə qayıdırmış. Onların qonşusu Samir Məmmədov isə ailəsi ilə birlikdə olub. Lakin onların maşınında yer olmadığı üçün Samir, Zaur Bəndəliyevin idarə etdiyi avtomobillə qayıdıb. Onun valideynləri isə digər avtomobillə arxadan gəlirlərmiş və qəzaya, eləcə də 17 yaşlı övladlarının dəhşətli ölümünə şahid olublar.

Hadisəyə ilkin səbəb kimi yüksək sürət və sürücünün yuxulaması göstərilir. Faktla bağlı araşdırma aparılır. Qəza nəticəsində həlak olanların meyitləri Dəvəçidəki meyitxanadadır. Xəsarət alan sürücü Zaur Bəndəliyev isə Dəvəçi rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
# 753

Oxşar yazılar