İslam Partiyası sədrinin vəziyyəti məhkəmədə pisləşdi
11 avqust 2011 12:52 (UTC +04:00)

İslam Partiyası sədrinin vəziyyəti məhkəmədə pisləşdi

0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət verərək, bildirib ki, müdafiə etdiyi şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti başa çatdığı üçün onun həbsdə saxlanılması qeyri-qanuni hesab olunmalıdır. Məhkəmə vəsatəti təmin etməyib.


Daha sonra prosesdə Hacı Mövsüm Səmədov ifadə verib. O, ittiham aktı üzrə özünü təqsirli bilmədiyini deyib. Dövlət ittihamçısının suallarını cavablandıran zaman M.Səmədovun vəziyyəti pisləşib. Buna görə, prosesə fasilə verilib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Hakim bildirib ki, M. Səmədovun vəziyyəti yaxşılaşandan sonra proses davam etdiriləcək.


Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar