Elgünün ölümünə qədər qeydə alınmış bütün kamera görüntüləri istintaq tərəfindən götürülüb.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Sabir Musayev deyib.
Onun sözlərinə görə, hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib:
“Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib. Hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərində quraşdırılmış müşahidə kameralarından və təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb və həmin görüntülərə baxış keçirilib.
Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib. Eyni zamanda hadisə barəsində əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğuları verilib”.