Azərbaycanda dəfələrlə polisə zəng edib iş rejimini pozan şəxs həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.
32 yaşlı kişi özünə məxsus mobil telefonla Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə zəng edərək, gündəlik iş rejimini pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs ifadəsində günahını etiraf edərək, həmin vaxt içkili olduğunu deyib.
Məhkəmənin qərarı ilə şəxs barəsində 5 günlük inzibati həbs qərarı verilib.