Rüşvətə görə tutulan 4 məmura HÖKM OXUNDU
02 sentyabr 2026 11:50 (UTC +04:00)

Rüşvətə görə tutulan 4 məmura HÖKM OXUNDU

0

Qaradağ rayon icra hakimiyyətində antikorrupsiya əməliyyatı nəticəsində saxlanılan vəzifəlilərə hökm oxunub.

Lent.az-ın xəbərinə görə, Qaradağ rayon icra başçısının müavini 64 yaşlı Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi 64 yaşlı Qafar Abdullayev, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçisi 48 yaşlı Şəmsəliyev İsa Tofiq oğlu və Ərazi idarəetmə və yerli özünüidarəetmə oqranları ilə iş şöbəsinin baş məsləhətçisi 33 yaşlı Rəşad Nadirli rüşvət almaqda ittiham olunublar.

Onlar ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Vəzifəlilərin hər biri barəsində Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsilə cinayət işi açılıb.

İttiham aktına əsasən, məmurlar əlbir olaraq rayon ərazisində 4 ünvanda tikintiyə cizgi planının verilməsi üçün icra başçısının qərarına təsir etmək məqsədilə (nüfuz alveri) sahibkarlardan 7000, 3000, 4000 və 3000 manat olmaqla, ümumilikdə 17 min manat vəsaiti rüşvət kimi alıblar. Qeydə alınan rüşvət faktlarının hamısı Qaradağ rayon icra hakimiyyətinin inzibati binasında baş verib.

İfadələri zamanı keçmiş məmurların hamısı barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Həmçinin Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev icra başçısı Süleyman Mikayılovun uşaqlıq dostu olduğunu dilə gətirib.

Məhkəmə prosesində hakim Şəfa Dadaşovanın qərarı ilə Nadir Muradov və Qafar Abdullayev hər biri 1 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Şəmsəliyev İsa Tofiq oğlu 10 min, Rəşad Nadirli isə 9500 manat məbləğində cərimələniblər.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatdan sonra Qaradağ rayon icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar