Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 27 yaşlı Bayramov Ucal Asif oğlu və 31 yaşlı Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur.