Noyabrın 11-i saat 23 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq, təxminən 15 metr məsafədə yol kənarına yuvarlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.
Avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Ruslan Səfərov isə xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi ehtimal edilir.
Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətə meyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır!
***
09:12
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq xəsarət alanlardan biri xəstəxanada ölüb.
Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.