Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 26-da NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanla NATO arasında ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək Fövqəladə Hallar Nazirliyinin NATO-nun müvafiq qurumları ilə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı danışan nazir FHN əməkdaşlarının mütəmadi olaraq həm NATO tərəfindən, həm də birgə təşkil olunmuş müxtəlif təlim, planlaşdırma görüşləri, plenar iclas və seminarlarda iştirakının vacibliyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay mövcud münasibətlərin əhəmiyyətindən bəhs edərək qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Qonaq FHN əməkdaşlarının mütəmadi olaraq NATO-nun müvafiq qurumlarında bilik və təcrübələrin qazanması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.