Şimpanzelərin yeni "dəbi":  qulaqlarına niyə ot taxırlar?  - Alimlər AÇIQLADI
18 iyul 2025 17:19 (UTC +04:00)

Şimpanzelərin yeni "dəbi": qulaqlarına niyə ot taxırlar? - Alimlər AÇIQLADI

Zambiyada bir qrup şimpanze qulaqlarına və "arxa hissələrinə" ot saplaqları taxmağa başlayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, alimlər primatların bunu nə üçün etdiyini araşdırıblar.

Utrext Universitetinin tədqiqatçısı Edvin van Leuven bildirib:

“Bu onu göstərir ki, insanlar kimi digər heyvanlar da bir-birlərindən, ilk baxışda mənasız görünən davranışları təqlid edirlər. Bu isə öz növbəsində, insan mədəniyyətinin təkamül kökləri barədə anlayış verə bilər”.

Nəşrdə qeyd edilir ki, adətən heyvanlar bir-birlərini hansısa məqsəd üçün təqlid edirlər. Məsələn, şimpanzelər bir-birlərindən qida tapmağı və alət seçməyi öyrənirlər. Lakin bütün təqlid davranışları faydalı olmaya bilər.

Şimpanzelər arasında qulaqlara ot taxma “dəbi” ilk dəfə 2010-cu ildə Zambiyadakı Chimfunshi Wildlife Orphanage Trust adlı qoruqda müşahidə olunub. Əvvəlcə bunu Culi adlı dişi şimpanze edib, lakin sonradan daha 7 şimpanze bu davranışı təkrarlamağa başlayıb.

Alimlər hesab edirlər ki, bu davranış şimpanzelər arasında bir mədəni ənənəyə çevrilib, çünki Culi öldükdən sonra belə primatlar bu vərdişi davam etdiriblər. Onların sözlərinə görə, bu, insanlardakı dəb meyllərinə bənzəyir.

Ən maraqlısı isə odur ki, 15 ildən sonra eyni qoruqda başqa bir şimpanze qrupu da bu “dəbi” mənimsəyib. Alimlər qeyd ediblər ki, bu iki qrupun bir-biri ilə heç bir təması olmayıb.

Yeni müşahidələrə görə, 8 şimpanzedən 5-i qulaqlarında ot saplaqları ilə görülüb, 6-sı isə bu otları arxa hissələrinə taxıb. Lakin məlum olub ki, bu “dəbin” müəllifləri primatlar deyilmiş.

Van Leuven bildirib ki, ot saplarını qulaqlarına taxan şimpanzelərin eyni baxıcıları olub. Bu baxıcılar etiraf ediblər ki, bəzən öz qulaqlarına ot və ya kibrit çöpü taxırlar və şimpanzelər də buna diqqət yetirməyə başlayıblar.

Daha əvvəl alimlər şimpanzelərin idrak qabiliyyətləri ilə bağlı mühüm bir kəşf etmişdilər. Bu məqsədlə onlar qoz qırma təcrübəsi aparıblar.

Eksperimentin məqsədi eyni icmada yaşayan şimpanzelərin qozu fərqli üsullarla qıra bilib-bilmədiyini araşdırmaq olub. Bunun üçün 21 şimpanzenin 3882 cəhdini təhlil ediblər.

Nəticədə bəlli olub ki, bəzi şimpanzelər bu tapşırığın öhdəsindən qrupdakı digər primatlardan daha yaxşı gəlirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar