“Moskvada danışıqlar gedən zaman Hadrut işğaldan azad olundu” – Ceyhun Bayramovdan DİPLOMATİK ETİRAFLAR
08 noyabr 2025 11:40 (UTC +04:00)

“Moskvada danışıqlar gedən zaman Hadrut işğaldan azad olundu” – Ceyhun Bayramovdan DİPLOMATİK ETİRAFLAR

0

"Cənab Prezidentin təlimatı ilə biz ayın 9-da Moskvaya uçduq. Orada danışıqlar olacaqdı. Həmin dövrdən artıq 5 il keçib və bəzi məqamları artıq açmaq lazımdır. Danışıqlar başlayan kimi Rusiyanın Xarici İşlər naziri Lavrov tərəflərə bir sənəd təqdim etdi".

Lent.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib:

"Sənədə baxdıq və gördük orada qeyd olunub ki, 9-dan 10-na keçən gecə 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan ordusunun dayanması, təmas xəttinin qərb istiqamətində isə Ermənistan silahlı qüvvələri ilə yenə də Rusiya sülhməramlılarının dayanması əks olunub. Həmçinin, təklif olunan sənəddə ayın 9-dan, atəşkəs elan olunan kimi dərhal, heç bir əlavə şərtlər razılaşdırılmadan, o cümlədən, erməni hərbçiləri orada qalmaqla, heç bir ərazilər boşaldılmadan, həm şərq, həm qərb tərəfdən Rusiya rülhməramlılarının yerləşdirilməsi əksini tapmışdı".

Ceyhun Bayramov Rusiyanın məqsədinin münaqişəni yenidən dondurmaq olduğunu söyləyib:

"Təsəvvür edin, 9 oktyabr tarixində biz haradayıq, vəziyyət nə yerdədir, həm şərq, həm qərbdə Rusiya sülhməramlılarının yerləşdirilməsi o deməkdir ki, bütün məsələnin tam dondurulması təklif olunur. Aydındır ki, bundan sonra artıq heç nə baş verə bilməzdi. Bi isə cənab prezidentdən tamam fərqli təlimatlar almışdıq. Biz öz mövqeyimizdən çıxış edərək, ümumilikdə fərqli məsələlərin qaldırılması, Ermənistan tərəfi ilə danışmağa hazırıq, Ermənistan tərəfi cədvəli təqdim etsin, nə vaxt çıxmağı planlaşdırırlar. Bu sənədə Ermənistan tərəfi, onların naziri Zohrab Mnatsakanyan da hardasa öz narazılığını ifadə etməyə başladı ki, bu belə olmamalıdır, Azərbaycan tərəfi 27 sentyabr tarixinə olan mövqelərə çəkilməlidir, biz təzyiq altında danışıqlar aparmayacağıq, Azərbaycan beynəlxalq hüququ pozub, güc tətbiq edib. Təbii ki, bu mövzuların cavabları asan idi. Hər şey necə olub, onun yadına salındı.

Sanki bu iki mövqe arasında Rusiyanın mövqeyi daha neytral idi. Çəkilməyə ehtiyac yoxdur, siz olduğunuz mövqedə qalırsınız, ancaq Rusiya sülhməramlıları da burada sizinlə birlikdə və bərabər olmalıdır. Və bır sıra digər məqamlar: hərbi əsirlərin dəyişdirilməsi, meyitlərin çıxarılması və.s.

Bu danışıqlar bir neçə saat çəkdi və mövqelərdə heç bir tərpəniş yox idi. Rusiya tərəfi də bunu çox israrla davam etdirirdi. Bəlli bir məqamda Lavrov belə bir fənddən istifadə etdi: dedi ki, siz Cenevrədən gəlirsiniz, ola bilsin ki, son inkişaflar barədə tam məlumatlı deyilsiniz. Mən tam məlumatlıyam, məndə bütün qeydlər var. Liderlərin dünən danışıqları olub, sizin mövqeyiniz isə qeyri-konstruktivdir. Bu, yaxşı təklifdir.

Dedik ki, bizim konkret mövqeyimiz var, amma fasilə edib əlavə təlimatlar almağa ehtiyac var. Onlar bunu dəstəklədilər, fasilə elan edildi. Bizə qonşu otaqda məsləhətləşmək təklif edildi. Lakin biz təşəkkür etdik və dedik ki, bizim öz səfirliyimiz var, ora gedib 1 saata geri dönərik. Danışığa uyğun olaraq biz səfirliyə getdik, Ermənistan nümayəndə heyəti isə orada qaldı.

Səfirlikdə Bakı ilə əlaqəyə çıxdıq, cənab prezident bir daha öz təlimatlarını təkrarladı. Hansı arqumentlərdən istifadə etmək lazım olduğunu da bir-bir dedi. Biz oraya geri dönəndə bütün Rusiya və xarici media orada idi. Onların ilkin gözləntisi ondan ibarət idi ki, atəşkəs artıq gecə saat 00:00-da elan ediləcək.

Mən onu qeyd edim ki, danışıqlar gedən zaman Lavrova bir neçə dəfə prezident Putin dəfə zəng etdi. Prezident Putin zəng edəndə Lavrov çıxırdı, müdafiə naziri Şoyqu zəng edəndə isə bizim yanımızda, həmin otaqda danışırdı. Danışıqdar təbii ki, saat 12-ni də keçdi getdi və ondan sonra da bu zənglər davam edirdi. 

Hamı üçün aydın oldu ki, bəlli bir mövqe var və biz bu mövqedən geri çəkilə bilmərik. Biz təklif etdik və dedik, bu gün nəticə hasil edilmirsə, problem deyil, biz bu gün danışıqları saxlayaq və sabah davam edə bilərik. Biz burada nə qədər lazımdırsa danışıq aparmağa hazırıq. Nəticəni həmin gün əldə etmək onlar üçün önəmli idi".

C.Bayramov müsahibəsində Moskvada danışıqlar gedən zaman Hadrutun işğaldan azad olunduğunu bildirib:

"Biz orada olarkən, ayın 9-u Hadrutun azad olunması barədə xəbər çıxdı. Artıq danışıqlar gedirdi və danışıqların bəlli bir məqamında Fariz Rzayev mənə yaxınlaşdı dedi ki, cənab Prezidentin xalqa müraciəti olub, Hadrut azad olunub. Təxminən 10-15 dəqiqə sonra biz erməni nümayəndə heyətində bir təşviş gördük. Və nəzərə çarpan bir məyusluq hiss olundu. Təbii ki, həmin məlumat onlara da çatmışdı".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar