65 il gizli saxlanılan fotoşəklin tarixçəsi - ARAŞDIRMA
27 aprel 2009 11:30 (UTC +04:00)

65 il gizli saxlanılan fotoşəklin tarixçəsi - ARAŞDIRMA

İngiltərə tarixində nasist ləkəsi

Futbolun təmtəraqlı fasadı arxasında siyasilər tərəfindən idarə edilən korrupsiya, zorakılıq, manipulyasiya hallarının mövcudluğu tarixin danılmaz reallıqlarındadır. İngiltərə yığmasının üzvlərinin 1938-ci ilin 14 mayında Berlində Almaniya ilə keçirilən qarşıdurma öncəsi tam heyətlə nümayiş etdirdiyi faşist salamlaması dönəmin diplomatik oyunlarından xəbər verirdi. Olayı əks etdirən fotoşəklin 65 illik müddət ərzində gizli saxlanılması isə sözügedən jestin doğurduğu neqativ reaksiyanı unutdurmaq, yeni etiraz dalğasını önləmək məqsədi daşıyırdı.

Üçüncü dünya çempionatı ərəfəsində Almaniya və İngiltərə arasında keçirilən yoldaşlıq oyunu futbol tarixinin ən unikal qarşıdurmalarındandır. İlk baxışdan iki nəhəngin randevusunun əhəmiyyətini başa düşmək elə də çətin görünmür: futbolun yaradıcıları o vaxtdan dünyanın ən güclü yığmalarından birinə sahib idilər, almanlar da 30-cu illərdə rəqabətə tab gətirməyə qadir, ambisioz kollektiv yarada bilmişdilər. Bu baxımdan adı çəkilən ölkələrin təmsilçilərinin iştirakçısı olduğu matç sırf idman intriqası nöqteyi-nəzərindən maraq doğurmaya bilməzdi. Lakin 1938-ci il baş tutan qarşıdurmanın özünəməxsusluğu onun daşıdığı siyasi məzmun, daha dəqiq desək, britaniyalı futbolçuların matçöncəsi mərasimdə nümayiş etdirdikləri nasist salyutunun ifadə etdiyi diplomatik gedişlə izah edilirdi. İngilis oyunçular başda kapitan Eddi Hephud və əfsanəvi Stenli Metyuz olmaqla bu tapşırığı Birləşmiş Krallığın Almaniyadakı səfiri ser Nevill Hendersondan almışdılar. Futbol assosiasiyasının baş katibi Stenli Rouz da onu müdafiə edirdi. Əsas direktiv isə Londondan, Böyük Britaniya baş nazirinin kabinetindən gəlirdi. İngiltərənin o zamankı hökumət başçısı Nevill Çemberlen bununla qitədə baş verən son taleyüklü olaylara, nasist rejiminin aqressiyasına loyal yanaşdıqlarını ifadə etmək istəyirdi. Britaniyalı oyunçuların nümayiş etdirdikləri nasist salyutu bütün dünyaya göstərməli idi: London iki ay öncə Avstriyanı işğal edən Hitler Almaniyasını Avropadan təcrid olunmuş şəkildə görmür.

İngiltərə yığmasının üzvlərinin alman himninin sədaları altında icra etdikləri faşist salamlaması aktı Birləşmiş Krallığın mətbu orqanlarında kəskin etirazla qarşılanmışdı. Özündənrazı mühafizəkarlar bu addımı ölkə şərəfinin tapdalanması, yanlış xarici siyasət kursunun məhsulu kimi dəyərləndirirdilər. Vətənə geri dönən yığma üzvləri də sıxılmış, təhqir olunmuş görünürdülər. Hitlerə ünvanlanan nasist salyutunun icrası zamanı “fürer”in tribunalarda olmaması britaniyalıların sınmış qürurunu daha da sarsıtmışdı (O zaman faşist rejiminin nümayəndələrindən yalnız German Gering və Yozef Gebbels stadiona baş çəkmişdilər). Lakin istər ictimaiyyətin ayrı-ayrı kəsimləri, istərsə də olayın birbaşa icraçıları bu hadisədə söz sahibi deyildilər. Rəsmilər isə böyük qələbənin əldə edildiyini düşünürdülər.

5 il öncə məlum hadisənin əks etdirən fotoşəkil üzə çıxanda Birləşmiş Krallıq dərin sarsıntı keçirdi. Olayı “şokedici kriminal” kimi qəbul edən britaniyalılar yığma üzvlərinin ifasındakı nasist salyutunu həzm edə bilmirdilər. Əhalinin böyük qismi üçün bu, ingilis tarixinin əbədi qara ləkəsi idi. BBC şərhçisi Conatan Daffi isə “aqressoru sakitləşdirməyə” cəhd edən Çemberlenin diplomatiyasına “siyasi əxlaqsızlıq” adı vermişdi.

Siyasi zəmin

Berlin “Olimpiya” stadionunun 103 minlik auditoriyası önündə baş verən olayın sifarişçisi - Britaniya hökumətinin sözügedən addımının motivi sadə olsa da, olayın baş verməsini şərtləndirən şərait mürəkkəb məzmunlu qarşılıqlı maraqlar zəncirindən keçirdi. II Dünya Müharibəsi zamanı barrikadanın əks tərəflərində dayanan İngiltərə və Almaniyanın savaş öncəsi münasibətləri düşmənçilikdən çox, müttəfiqliyə yaxın idi. Nevill Çemberlen genişlənməkdə olan nasist ekspansiyasının qarşısını güzəşt diplomatiyası və ya siyasi ədəbiyyatlarda qeyd edildiyi kimi “laqeydlik”, “etinasızlıq” yolu ilə almağa çalışırdı. İngiltərə hökumət başçısı Versal-Vaşinqton sisteminin tələblərinə müvafiq olaraq, məhrumiyyətlərlə üzləşmiş Almaniyanın aqressiyasına adekvat addımlarla cavab verilməsini məqsədəuyğun saymırdı. O, başlaya biləcək müharibənin ölkəsi üçün təhlükəli tərəflərini anlayırdı. Bilirdi ki, savaş İngiltərənin iqtisadi çöküşünə, hətta qələbə təqdirində belə beynəlxalq sferadakı siyasi təsir imkanlarının azalmasına səbəb olacaq. Bu səbəbdən özünü “sülh missiyası”nın daşıyıcısı elan edən Çemberlen Almaniya ilə münasibətlərin kəskinləşməsinə imkan vermir, əlaqələri müttəfiqlik çərçivəsində qurmağa çalışırdı. Digər tərəfdən, o, “fürer”in psixoloji xüsusiyyətlərini gözəl bilirdi. Çemberlenin qənaətincə, ingilis futbolçuların nasist salyutu Hitlerin 1936-cı il Olimpiadasında tam təmin olunmamış ambisiyalarına “aldadıcı sakitlik” gətirməli idi.

Almaniyada da mümkün ingilis ittifaqına müsbət baxılırdı. Məşhur tarixçi Verner Mazerin yazdığı kimi, Hitler almanların dünya ağalığına gedən yolunun Böyük Britaniya ilə qurulmalı olan müttəfiqlikdən keçdiyinə inanırdı. “Fürer”in hegemonluq konsepsiyasında Fransa düşmən dövlət kimi qəbul edilirdi, ali irq qardaşları – ingilislər isə qaçılmaz dost gözündə görülürdülər.

Lakin proseslərin yekunu antaqonizmə apardı. Sözügedən futbol matçından bir neçə ay sonra Münhendən qayıdan Çemberlenin publikaya nümayiş etdirdiyi deklarasiya boş kağızdan başqa bir şey deyildi. Təcavüz siyasətini davam etdirən Almaniya iri addımlarla bütün dünyanı müharibəyə sürükləyirdi. Artıq Hitleri nə hər hansı idman hadisəsində nümayiş etdirilən jest, nə də digər güzəşt aktı dayandıra bilərdi.

Qələbə və biabırçılıq bir yerdə

Qarşıdurmanın idman nəticəsi – İngiltərənin 6:3-lük qələbəsi isə baş verən siyasi gedişlərin fonunda prinsipial anlam ifadə etmirdi. Ulrih Linder özünün “Hitler naminə irəli” kitabında hadisənin qeyri-siyasi tərəfini belə izah edir: “İngiltərəyə məğlub olmaq o zaman böyük biabırçılıq deyildi. 30-cu illərdə britaniyalılarla futbol rəqabətindən yalnız dünya çempionları italyanlar qalib çıxa bilərdilər. Hitler üçün isə olayın təbliğat aspekti daha əhəmiyyətli idi”.

Belçikalı hakim Lanhenusun idarə etdiyi matç britaniyalıların nəzərə çarpacaq üstünlüyü ilə keçdi. Həmin oyun millidə debüt edən Don Uelş xatirələrində komandasının tam dominantlığa sahib olmasını, almanların bütün imkanlardan məhrum edilməsini bildirir: “Əla çıxış idi. İkinci hissədə havanın isti olması səbəbindən tempi azaltmalı olduq. Oyunun əvvəlində isə 10 qol vuracağımıza inanırdım”. Doğrudan da sırf futbol parametrləri kontekstində britaniyalıların oyunu ən yüksək təriflərə layiq idi. Sözügedən qarşıdurmada 20 yaşlı Cekki Robinson Stenli Metyuzla möhtəşəm qarşılıqlı anlaşma nümayiş etdirmiş (birinci dubla imza atmışdı, “Qızıl topu”un gələcək sahibi isə bir qolla kifayətlənmişdi), “körpə” Len Houlden isə 27 metrdən fantastik qola imza atmışdı. Millidə debüt edən digər oyunçu Brum və təcrübəli Bastin də rəqib qapıçını məyus edə bilmişdilər. Almanlardan isə Gauhel, Helleş və Pesser fərqlənənlər sırasında idilər.

Oyun bitəndə tərəflərdən hər ikisi ziddiyyətli hislər keçirirdilər. İngilislərin futbol triumfu siyasi biabırçılığın pressinqi altında anlamını itirmiş, almanların meydançadakı məğlubiyyəti isə nasist aqressiyasının tanınması nəticəsində zəfərə çevrilmişdi.

Orxan Amaşov
# 1795

Oxşar yazılar