Hər şeyini satıb 2 min kilometr yol getdi - Sevgilisi süni intellekt çıxdı
22 oktyabr 2026 11:09 (UTC +04:00)

Hər şeyini satıb 2 min kilometr yol getdi - Sevgilisi süni intellekt çıxdı

0

Braziliyada 49 yaşlı kişi sosial şəbəkədə tanış olduğu və evlənməyi arzuladığı qadına qovuşmaq üçün bütün əşyalarını sataraq 2 min kilometrdən çox yol qət edib. Lakin görüşmək istədiyi qadının əslində mövcud olmadığını öyrənib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Braziliyada yaşayan 49 yaşlı tikinti işçisi Edimar Roşa Martinsin başına gəlib.

Martins 2020-ci ildə sosial şəbəkədə Cessika Oliveyra adlı qadının hesabı ilə qarşılaşıb. Zaman keçdikcə həmin qadını həyatının sevgisi hesab etməyə başlayıb. Lakin onun süni intellekt vasitəsilə yaradılmış virtual obraz olduğundan xəbərsiz olub.

Maranyan ştatında yaşayan kişi sevdiyi qadınla görüşmək üçün bütün şəxsi əşyalarını satıb. O, oktyabrın 9-da Minas-Jerays ştatının paytaxtı Belu-Orizontiyə yola düşüb.

Oktyabrın 11-də Belu-Orizontiyə çatan Martins sosial şəbəkədə tanış olduğunu düşündüyü qadını axtarmağa başlayıb. Lakin bütün cəhdləri nəticəsiz qalıb.

Nəhayət, yerli radiostansiyaya müraciət edən kişi gözlənilməz həqiqətlə üzləşib. Ona Cessika Oliveyra adlı qadının əslində mövcud olmadığı, sosial şəbəkələrdə yayılan foto və videolarının süni intellekt vasitəsilə hazırlandığı bildirilib.

"Radiostansiyaya getdim. Mənə bunun saxta olduğunu, belə bir qadının ümumiyyətlə mövcud olmadığını söylədilər", - Martins deyib.

Sosial şəbəkələrdə "Jéssica Fazendeira" adı ilə tanınan virtual qadının TikTok hesabında 300 mindən çox izləyicisi olub.

Paylaşılan videolarda süni intellektlə yaradılmış qadın özünə həyat yoldaşı axtardığını bildirib. O, gələcək həyat yoldağını fermasında yaşamağa dəvət edib və bir daha işləməsinə ehtiyac qalmayacağını vəd edib.

Sonradan silinən videoların birində virtual qadın belə deyib: "Sənin qayğına qalmaq istəyirəm. Fermama gəlməyini və ömrünün sonuna qədər bir daha işləməməyini istəyirəm".

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduqdan sonra hesabı idarə edən şəxs açıqlama yayıb.

Açıqlamada Cessikanın süni intellekt vasitəsilə yaradıldığı təsdiqlənib. Hesabın əsas məqsədinin izləyici marağı yaratmaq və məhsul satışını artırmaq olduğu bildirilib.

Hesabın rəhbərliyi Martinslə birbaşa əlaqə saxlanılmadığını da iddia edib.

Uzun səfərdən sonra bütün pulunu itirən Martins Belu-Orizonti bələdiyyəsinə müraciət edərək yardım istəyib.

Sosial xidmət əməkdaşı ilə görüşən kişi uzun müddətdir tənha yaşadığını və özünə həyat yoldaşı tapmaq ümidi ilə bu səfərə çıxdığını söyləyib. Bələdiyyə əməkdaşları onun geri qayıtması üçün nəqliyyat yardımı göstəriblər.

Martins yaşadığı məyusluğu belə ifadə edib: "Bütün bunlar yalnız kədər, məyusluq və depressiya gətirir. Mən sadəcə münasibət qurmaq istəyirdim. Ona görə də bura gəlmişdim".

Bütün baş verənlərə baxmayaraq, 49 yaşlı kişi sevgisini tapmaq ümidini itirmədiyini bildirib.

Hazırda qohumlarından birinin yanında qalan Martins yenidən Belu-Orizontiyə getmək niyyətində olduğunu açıqlayıb.

"Onu tapa bilmədim, amma başqasını tapacağam. Yenidən həmin şəhərə gedəcəyəm və bir daha cəhd edəcəyəm", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar