A Seriyasında  kuryoz:   Oyunçu qalmaq üçün kluba pul ödəməlidir
18 aprel 2024 17:47 (UTC +04:00)

A Seriyasında kuryoz: Oyunçu qalmaq üçün kluba pul ödəməlidir

Daiti Kamadanın "Latsio" ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Yapon futbolçu komandada qalmağı düşünürsə, kluba pul ödəməlidir.

Lent.az xarici mediaya istinadən bildirir ki, A Seriyasının cari mövsümündə “Latsio” avrokuboklarda yer almaq üçün mübarizə aparır. Komandanın 49 xalı var və turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Roma komandasının sıralarında önəmli fiqurlardan biri də yaponiyalı yarımmüdafiəçi Daiti Kamadadır. Futbolçu keçirdiyi 32 oyunda bir qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Yaponiyalının müqaviləsi bu il iyunun 30-dək qüvvədədir. İnsayder Fabrisio Romanonun sözlərinə görə, futbolçunun hazırkı müqaviləsində xüsusi bənd var.

Əgər Kamada "Latsio" ilə müqaviləsini uzatmaq istəyirsə, kluba pul ödəməlidir. Müqavilənin hazırkı bəndinə əsasən, 27 yaşlı futbolçu 100 avro verməyə borcludur və daha sonra müqavilə 2027-ci ilin ortalarına qədər uzadılacaq.

Yaponiyalı göstərilən məbləği köçürməmək qərarına gəlsə, onun müqaviləsi başa çatacaq. Hələlik futbolçunun hansı qərarı verəcəyi məlum deyil.

Kamada ötən ilin avqustunda "Ayntraxt Frankfurt"dan "Latsio"ya keçib. O, Almaniya klubunda 179 oyun keçirib, 40 qol vurub və 33 məhsuldar ötürmə edib.

# 1395
avatar

Oxşar yazılar