Məşqə çatmaq üçün velosiped oğurladı , futboldan uzaqlaşması üçün imza topladılar - Həyatın oyunçuları
25 avqust 2026 20:15 (UTC +04:00)

Məşqə çatmaq üçün velosiped oğurladı, futboldan uzaqlaşması üçün imza topladılar - Həyatın oyunçuları

0

Altı yaşında ona bir cüt futbol ayaqqabısı hədiyyə ediləndə, həmin hədiyyənin həyatını dəyişəcəyini heç kim bilmirdi. Qarşıda Malmö küçələrində keçəcək uşaqlıq, ailə çətinlikləri, futbolu buraxmaq fikri və böyük klublara uzanan bir yol vardı. İllər sonra həmin uşaq dünyanın ən məşhur hücumçularından birinə çevriləcəkdi.

Lent.az-ın "Həyatın oyunçuları" rubrikasında bu dəfə İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviçin həyat və karyera yoluna nəzərə salınacaq.

Bir cüt ayaqqabının dəyişdirdiyi tale

Zlatan 3 oktyabr 1981-ci ildə İsveçin Malmö şəhərində dünyaya gəlib. Atası bosniyalı, anası isə xorvat əsilli olub. Valideynləri o, cəmi iki yaşında olarkən ayrılıblar. O, uşaqlığını Malmö şəhərinin immiqrantların çox yaşadığı Rosenqard bölgəsində keçirib. İbrahimoviç illər sonra həmin məhəlləni kənardan təsvir edildiyi kimi yalnız ağır və təhlükəli yer hesab etmədiyini deyirdi. Onun sözlərinə görə, orada dostları, futbolu və uşaqlıq dünyası vardı. Futbol isə demək olar ki, bütün gününün əsas hissəsi idi. Məktəbdə, məhəllədə, evlərin arasında – hər yerdə futbol oynayırdı. Onun həyat hekayəsində Rosenqard isə heç vaxt arxa planda qalmayıb. 2007-ci ildə doğma məhəlləsində uşaqlar üçün “Zlatan Court” adlı futbol meydançasının yaradılmasına maliyyə dəstəyi göstərib. İbrahimoviç bunu özünün gəldiyi mühitdə böyüyən uşaqlara “buradan da uğur qazanmaq mümkündür” mesajını vermək istəyi ilə izah edib.

Zlatanın futbolla tanışlığı çox erkən yaşlarda başlayıb. Altı yaşında bir cüt futbol butsı hədiyə aldıqdan sonra topun arxasınca qaçmağa başlayan gələcəyin ulduzu həmin vaxt bu oyunun onu hara aparacağını təsəvvür belə edə bilməzdi. O, əvvəlcə Malmödə "FBK Balkan" və "Malmö BI" kimi yerli komandalarda oynayıb. "FBK Balkan" oyunlarından birində komandası fasiləyə 4:0 hesabı ilə məğlub yollanarkən Zlatan ikinci hissədə meydana çıxıb və komandasının 8:5 hesablı qələbəsində səkkiz qolun hamısını özü vurub.

Futboldan uzaqlaşması üçün toplanan imza

Ancaq onun yolu yalnız istedadla açılmayıb. Zlatanın xarakteri uşaqlıq və yeniyetməlik illərində kifayət qədər sərt idi. "Malmö FF"in gənclər komandasında oynayarkən sakit futbolçu olmayıb. Bir məşqdə komanda yoldaşına kəllə vurduqdan sonra həmin futbolçunun valideynləri Zlatanın futboldan uzaqlaşdırılması üçün hətta imza toplamağa başlayıblar. Zlatan illər sonra həmin dövrdə çox əsəbi olduğunu və çoxlu səhvlər etdiyini bildirib.

Velosiped oğurluğu

Uşaq vaxtı məşqlərə çatmaq üçün uzun məsafələr qət edib. Məşqə vaxtında çatmaq üçün dəfələrlə velosiped oğurlayıb. Hətta bir dəfə bilmədən öz məşqçisinin velosipedini oğurlayıb. Məşqçisi onu komandadan qovmaq əvəzinə hadisəyə gülüb.

Avropa yolu

2001-ci ildə “Ayaks” Zlatanı transfer edib və bununla da böyük Avropa karyerası başlayıb. Amsterdamda texnikası, fiziki gücü və qeyri-adi hərəkətləri ilə seçilib. Ardınca “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted” və “Los-Anceles Qalaksi”də çıxış edib. Karyerasının müxtəlif dövrlərində İtaliya, İspaniya, Fransa və İngiltərədə kuboklar qazanıb, İsveç millisinin ən böyük futbol simvollarından birinə çevirilib.

Futboldan uzaqlaşmaq istəyi

Zlatan “Barselona”da çıxış etdiyi zaman baş məşqçi Xose Qvardiola ilə münasibətlərinin gərginləşməsi və klubdakı vəziyyət onun futboldan aldığı zövqü azaltmışdı. İbrahimoviç öz avtobioqrafiyasında həmin dövrdə həvəsini itirdiyini və hətta futbolu dayandırmaq barədə düşündüyünü yazıb. Bununla belə, müqaviləsini yarımçıq qoymayıb və karyerasına davam edib.

“Barselona”dan ayrıldıqdan sonra “Milan” onun karyerasında yeni başlanğıca çevirilir. İllər sonra da İbrahimoviç “Milan”ın ona karyerasında çox şey verdiyini, ilk dönəmində xoşbəxtlik, ikinci dəfə qayıdanda isə sevgi hiss etdirdiyini bildirib.

Boy fərqi sayəsində peşəkar ustalıq

Zlatanın fərqi yalnız vurduğu qollarda deyildi. Təxminən iki metr boya malik hücumçunun taekvondo keçmişindən gələn elastikliyi onun meydanda çox az futbolçunun edə bildiyi akrobatik zərbələr vurmasına imkan verirdi. 2012-ci ildə İngiltərə millisinin qapısına uzaq məsafədən vurduğu məşhur qayçı zərbəsi bunun ən yaddaqalan nümunələrindən biridir. Zlatan taekvondo üzrə qara kəmər sahibidir.

Malmödə başlayıb "Milan"da bitən yol

Zlatan İbrahimoviç futbolçu karyerasını İtaliyanın “Milan” klubunda başa vurub. O, 2020-ci ildə ikinci dəfə “Milan”a qayıdıb və 2021/22 mövsümündə komanda ilə İtaliya çempionu olub. Son illərində dizindən ciddi zədə alsa da, futbolu davam etdirib.

4 iyun 2023-cü ildə, “Milan”ın “Verona” ilə mövsümün son oyunundan sonra “San Siro” stadionunda keçirilən vida mərasimində Zlatan 41 yaşında peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Maraqlısı odur ki, onun əvvəlcə yalnız “Milan”dan ayrılacağı gözlənilirdi. Ancaq vida mərasimində Zlatan ümumiyyətlə futboldan getdiyini elan edərək azarkeşlərə: “Futbolla vidalaşıram, sizinlə yox” deyib.

Beləliklə, İsveç futbolunun əfsanəsinin yolu Malmödə başlayıb, “Milan”da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar