“Neftçi” Topaz Premyer Liqasında heç-heçə həsrətinə son qoydu
19 dekabr 2012 05:52 (UTC +04:00)

 “Neftçi” Topaz Premyer Liqasında heç-heçə həsrətinə son qoydu

“Neftçi” futbol komandası Topaz Premyer Liqasında bu mövsüm ilk dəfə meydanı heç-heçə ilə tərk edib. Lent.az-ın məlumatına görə, flaqman paytaxt derbisində “Bakı” ilə sülhə razılaşıb.

I turdan təxirə salınmış oyun 8-ci km stadionunda baş tutub. Qarşılaşmaya fəal başlayan “Neftçi” 10-cu dəqiqədə hesabı açıb. “Bakı”nın futbolçusu öz cərimə meydanlarında əllə oynadığı üçün baş hakim Rəhim Həsənov penalti təyin edib. Kapitan Rəşad Sadiqovun zərbəsini qonaq komandanın qapıçısı Edin Nuredinovski qaytarıb. Lakin Sadiqovun təkrar zərbəsi dəqiq olub. “Neftçi” uzun müddət hesabda irəlidə olsa da, 86-cı dəqiqədə “Bakı” bərabərlik qolunu vurub. Deyvidas Çesnauskisin ötürməsindən sonra Əziz Quliyev başla topu tora göndərib.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Neftçi” 4-cü pilləyə yüksəlib. “Bakı” isə 19 xalla 9-cu pillədə qalıb. Flaqmanın ehtiyatda AZAL və “İnter”lə də oyunları qalır, paytaxtın eyniadlı təmsilçisinin isə “Turan”la səfər matçı təxirə salınıb.

Qeyd edək ki, “Bakı”nın futbolçularından İbrahim Karqbo start heyətində yer almayıb. “Neftçi”yə 1:2 hesablı məğlubiyyətlə başa çatan ilk görüşdə Karqbo imkanlarından aşağı çıxış edib. Bu səbəbdən, baş məşqçi Bojidar Bandoviç onu bu dəfə yalnız 90+2-ci dəqiqədə meydana buraxıb. “Neftçi”də isə vitse-kapitan Mahir Şükürov “Xəzər Lənkəran”la əvvəlki görüşdə səhvə yol verdiyi üçün ilk “11-lik”də meydana buraxılmayıb. O, 75-ci dəqiqədə Bruno Bertuççinin əvəzinə oyuna daxil olub.   

 

Elşən MƏMMƏDOV

# 909
avatar

Oxşar yazılar