“Qalatasaray”ın 2023-cü ilin fevralında “Roma”dan transfer etdiyi, lakin gözlənilən nəticəni vermədiyi üçün iki mövsümdür icarəyə göndərdiyi Nikolo Zaniolonun gələcəyi ilə bağlı qərar verilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılılar, 2023-2024 mövsümündə Zaniolonu “Aston Villa”ya icarəyə vermiş, bu mövsümün əvvəlində isə onu “Atalanta”ya göndərmişdi. Lakin İtaliya klubundakı karyerası qısa sürdü və o, qış transfer dönəmində “Fiorentina”ya müvəqqəti keçid etmişdi.
“Fiorentina”da 13 oyuna çıxsa da, heç bir məhsuldarlıq göstərə bilməyən Nikolo Zaniolo, UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real Betis”ə qarşı son 15 dəqiqədə meydana daxil olmuş, lakin bu müddət ərzində topa belə toxunmadan məyusluq yaratmışdı.
A Seriasında isə ötən həftə keçirilən “Roma” matçında ehtiyat oyunçular skamyasında olarkən qırmızı vərəqə almışdı. Liqanın bitməsinə 3 oyun qalmış Zaniolo 2 oyunluq cəza alaraq “Venesiya” və “Bolonya” ilə qarşılaşmalarda oynaya bilməyəcək.
Son turda keçiriləcək “Udineze” matçında da Zaniolonun oynayacağı gözlənilmir və artıq onun taleyi müəyyənləşib.
Xəbərdə, 15,5 milyon avroluq satınalma opsiyasının aktivləşməsi üçün lazım olan şərtlərin yerinə yetirilmədiyi vurğulanaraq belə deyilir: “Atalanta və Fiorentinadakı ikili şansını dəyərləndirə bilməyən 1999 doğumlu futbolçu, İtaliyadan bir şans daha gözləyərək Türkiyəyə qayıdacaq”.