Tibbi sığortanın protokol qaydası – ARAŞDIRMA
31 oktyabr 2012 11:07 (UTC +04:00)

Tibbi sığortanın protokol qaydası – ARAŞDIRMA

(III yazı)

İcbari tibbi sığorta sisteminin tətbiqi üçün vacib olan elementlərdən birinin - tibbi müalicə protokollarının hazırlanmasına başlanıb. Artıq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatları Mərkəzində (İSİM) beynəlxalq layihə çərçivəsində konkret xəstəliklər üzrə tibbi xidmətlərin şərtləri, onun icbari tibbi sığorta əsasında işlənmə mexanizmləri də müəyyənləşib. Həmçinin müalicə olunan ayrı-ayrı xəstəliklərin növlərinin dəyərinin də müəyyən edilməsi məqsədilə İSİM-də Dünya Bankı ilə birgə layihə həyata keçirir. Həmin layihə çərçivəsində işçi qrup ayrı-ayrı xəstəliklər üzrə müalicəsinin dəyərinin müəyyən olunması istiqamətində müvafiq iş aparır.

İSİM-dən Lent.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli 179 saylı qərarı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda Səhiyyə Nazirliyinin səlahiyyətinə aid işlərin ən vacib hissəsinin icrası məhz bu quruma həvalə olunub. İSİM-in direktoru Ceyhun Məmmədov bildirir ki, bu qurumun Tədbirlər Planı çərçivəsində Abt Associates təşkilatı ilə birgə səhiyyə sistemində yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi üçün zəruri hesab edilən klinik xərclər qruplarının işlənməsinə dair həyata keçirdiyi fəaliyyət icbari tibbi sığortanın tətbiqinə töhfə ola bilər: “Hazırda bütün səhiyyə müəssisələrində klinik xərclər qruplarının əsasını təşkil edən 66 saylı hesabatın elektron forması tətbiq olunur. Bu isə elektron məlumatlar bazasından səhiyyə sistemində mövcud vəziyyətin qiymətləndirilməsi və təhlili üçün imkan yaradır. Hazırda klinik tibbi sığorta protokollarının hazırlanması istiqamətində iş davam edir. Klinik protokolları digər metodik vəsaitlərdən fərqləndirən əsas cəhət onların sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır”.

55 xəstəlik üzrə klinik protokol hazırdır

Ceyhun Məmmədov deyir ki, indiyədək İSİM-də 55-dən artıq klinik protokol hazırlanıb və bu protokollar ictimai səhiyyənin ən aktual və zəruri mövzularına həsr olunub. Onun sözlərinə görə, həmin klinik tibbi sığorta protokolları müxtəlif xəstəlik növlərini əhatə edir. Bu sırada sağlam yenidoğulmuşa qulluqdan tutmuş Yenidoğulmuşların ilkin reanimasiyası, Bronxial astma üzrə klinik tövsiyələr, Böyrək xəstəliyinin diaqnostika və müalicəsi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi, Uşaqlarda epilepsiya, Ağ ciyər vərəminin kimyəvi terapiyası xəstəliklərinədək bir çox tibbi xidmət sahələrini əhatə edir. Ceyhun Məmmədov deyir ki, bu sənədlər neonatalogiya sahəsində vəziyyətin yaxşılığa doğru dəyişməsində əhəmiyyətli rola malikdir: “Şübhə etmirəm ki, klinik protokollar sığorta tərəfləri, xüsusilə də sığorta agentlikləri və səhiyyə müəssisələri arasında birgə işin təşkilinə yardım göstərəcək”.

Müalicə olunan ayrı-ayrı xəstəliklərin növlərinin icbari tibbi sığorta sisteminə uyğun dəyərinin müəyyən edilib-edilməməsinə gəldikdə, Ceyhun Məmmədovun dediyindən məlum olur ki, bu istiqamətdə görülən işlər hələ ki, müvafiq sənədlərin hazırlanması, seminar və təlimlərin keçirilməsi ilə məhdudlaşır. Belə ki, 2009-cu ildə USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi tərəfindən “Sübutlu təbabət və klinik protokolların tərtib edilməsi” mövzusunda təlimlər, qeyri-infeksion xəstəliklərə (ürək-damar, onkoloji, xroniki respirator, diabet) dair vəziyyətin təhlili ilə bağlı seminar təşkil olunub: “Müxtəlif xəstəliklərin öyrənilməsinə və müalicəsinə dövlət tərəfindən ayrılan diqqət ictimai səhiyyənin vacib məsələlərindən biridir. Şübhəsiz, bizə xəstəliklərin müalicəsi və klinik protokolların hazırlanması üçün lazımi dəyərin müəyyənləşdirilməsi çox vacibdir. Amma bu və ya digər xəstəliklə bağlı xərclər təkcə onun müalicəsi ilə deyil, həm də əmək qabiliyyətinin itirilməsi və əlilliklə bağlıdır ki, bu, yenə də dövlətin çiyinləri üzərinə düşən yükdür”.

İSİM-in direktoru deyir ki, icbari tibbi sığorta sisteminə keçidlə bağlı bu qurumun qarşısında duran əsas məqsəd gələcəkdə sığorta tərəfləri arasında münasibətdə, elektron məlumat bazası ilə işin təşkilində istiqamətləndirici rol oynayan klinik protokolların keyfiyyət göstəricisini müəyyənləşdirməkdir. Onun fikrincə, bu, tibbi sığortanın tətbiqi zamanı vəziyyətin düzgün qiymətləndirilməsinə imkan yaradacaq mühüm amildir: “Həmçinin bu, səhiyyə iqtisadiyyatı, tibbi sığorta sahəsində mütəxəssislərin hazırlanması üçün də zəruri hesab olunur”.

Tibbi sığorta: fəlsəfə və gerçəklik

Xatırladaq ki, klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların məqsədi ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təminatına və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik vəziyyətlərdə necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır. Bu cür protokolların səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır.

Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamı ilə İSİM-ə həvalə edilib. İSİM-də bildirirlər ki, 2008-ci ildən bəri Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə hazırlıq məqsədilə sübutlu təbabət və klinik protokolların tərtib edilməsi məsələlərinə həsr edilmiş çoxlu sayda elmi-praktik konfranslar təlimlər keçilib. Həmçinin Abt Associates təşkilatının dəstəyi ilə sübutlu təbabət terminlərinin izahlı lüğəti tərtib edilib və AGREE beynəlxalq əməkdaşlığı tərəfindən klinik rəhbərlik və protokolların ekspertizası və qiymətləndirilməsi üçün hazırlanmış sorğu vəsaiti Azərbaycan dilinə tərcümə olunub.

Klinik protokolların tərtib olunması Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları” əsasında həyata keçirilir. Hazırda yeni klinik protokolların hazırlanması davam etməkdədir və həmin işin daimi əsasda aparılması nəzərdə tutulur.

Beynəlxalq qurumlar dəstək verir, bəs, özümüz?

Bütün bunlara nail olmaq üçün İSİM bir neçə beynəlxalq qurumlarla o cümlədən Dünya Bankı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD ilə əməkdaşlıq edir. Bu qurum hazırda USAİD-in maliyyələşdirdiyi Abt Associates təşkilatı ilə hər bir xəstələnmə halı üzrə xərclərin hesablanması üçün klinik xərclər qrupunun hazırlanması üzərində birgə işləyir. İSİM-də deyirlər ki, icbari tibbi sığortanın tətbiq edilməsinin əsas parametrlərindən biri hesab olunan klinik xərclər qrupu Dünya Bankının layihəsi əsasında hazırlanır. Ümumdünya Səhiyyə Təşkilatı isə bu məsələdə Azərbaycana ekspert və texniki dəstəyi ilə yardım edir.

Xatırladaq ki, USAİD Azərbaycanda həyata keçirilən səhiyyə islahatlarında yaxından iştirak əsas beynəlxalq qurumlardan sayılır. Hələ 2008-ci ildən bu beynəlxalq qurum ölkəmizdə səhiyyə problemlərinin öyrənilməsinə dair 5 illik layihə həyata keçirir. “Quş qripi”, uşaq evləri və ilkin tibbi xidmət sahələrini əhatə edən bu layihədə icbari tibbi sığorta sisteminin tətbiqinə hazırlıq prioritet təşkil edir. Layihənin maliyyələşdirilməsində Dünya Bankı əsas donorlardan biridir. Belə ki, Dünya Bankı bu məqsədlə Azərbaycana 50 milyon dollar kredit ayırıb. Bundan başqa, həmin layihə üzrə Azərbaycan hökuməti 26 milyon, USAİD 8 milyon, ÜST və UNİSEF isə hər biri 0,5 milyon dollara yaxın vəsait ayırıb. Hökumətin və Dünya Bankının ayırdığı vəsaitlər əsasən səhiyyə obyektlərinin müasirləşdirilməsinə, USAİD, ÜST və UNİSEF-in maliyyələşdirməsi isə texniki yardımlara, həkimlər üçün treninqlərə, digər maarifləndirmə işlərinə sərf olunur.

USAİD-in əsas tərəfdaşlarından olan Abt Associates isə daha çox idarəçilik və maliyyə sahəsində ixtisaslaşıb. Azərbaycanda “İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi” layihəsində çalışan bu şirkətin mütəxəssisləri “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatları və icbari tibbi sığortanın tətbiqi konsepsiyası”nın hazırlanmasında aktiv iştirak ediblər.

Bu da yerli təcrübə

Yeri gəlmişkən, hazırda Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin bir neçəsində tibbi sığorta sistemi tətbiq olunur. Yalnız öz işçiləri üçün tibbi sığorta xidmətləri təklif edən şirkətlər arasında xarici kommersiya qurumları ilə yanaşı Azərbaycanın özünün iri dövlət təşkilatları da var. Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin yanvarından öz işçilərini icbari tibbi sığorta ilə təmin edir. Şirkətdə bildirirlər ki, hazırda bu qurumun 70 minə yaxın əməkdaşı tibbi sığorta ilə əhatə olunub. Buraya açıq dənizdə, platformalarda işləyən, eləcə də ARDNŞ-nin ölkə ərazisində fəaliyyət göstərən neft-kimya və qaz sənayesi müəssisələrində çalışan işçilər də daxildir. Belə ki, sığortalanmış neftçilər “GOLD” tibbi sığorta proqramı çərçivəsində Azərbaycanın ən müasir tibb müəssisələrində təcili və təxirəsalınmaz yardım, ambulator-poliklinik, planlı və təcili stomatoloji, stasionar, dövri profilaktik müayinələr, hamiləliyin təqibi və doğuşa yardım, təcili vaksinasiyalar kimi tibbi xidmətlərlə təmin olunurlar. Hazırda şirkətin hər bir işçisi il müddətində 50 min manat dəyərində tibbi sığorta xidmətlərindən yararlana bilər. Amma bir məsələ var ki, bu xərclər beynəlxalq təcrübədə olduğu kimi, işçilərin sığorta şirkətlərinə ödəməli olduğu sığorta ödənişlərindən deyil, bütünlüklə ARDNŞ-nin öz vəsaiti hesabına formalaşır.

Bundan başqa, “bp-Azerbaijan”, “McDermott” şirkətləri və Xəzər Dəniz Gəmiçiliyi də bütün işçilərini tibbi sığorta ilə təmin edib. ARDNŞ-də olduğu kimi, bp və “McDermott”da da işçilərin icbari sığortası məcburidir. Əks halda işəgötürən tərəf cərimələnə bilər. Həmçinin sığorta xərcləri üçün işçilərin əməkhaqqından heç bir vəsait tutulmur və bu xərclər bütünlüklə işəgötürənin öz imkanları hesabına həyata keçirilir.

Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin öz işçilərini tibbi sığorta ilə təmin etməsinin kökündə bir mühüm amil də dayanır. Daha doğrusu, bir neçə şirkətin işçilərinin sağlamlığının qeydinə qalması və onları tibbi sığorta ilə təmin etməsi əslində həmin qurumların beynəlxalq səviyyəli əməkdaşlığının şərtlərindən və qarşılıqlı öhdəliklərdən irəli gəlir. Belə ki, istər ARDNŞ-nin və Xəzər Dəniz Gəmiçiliyi, istərsə də “bp-Azerbaijan” və “McDermott” şirkətlərinin fəaliyyət istiqamətləri beynəlxalq səviyyəli olduğundan bu qurumlar dünyanın tanınmış kommersiya qurumları və nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq şəraitində işləyir. Belə bir əməkdaşlıq mühitində fəaliyyət göstərən təşkilatlar isə ilk növbədə işçilərin sosial hüquqları, o cümlədən tibbi sığorta ilə təminatı kimi məsələlər ciddi önəm verir. Hətta beynəlxalq səviyyəli şirkətlər tərəfdaşının tərəfin üzərinə götürdüyü öhdəlikləri hansı formada yerinə yetirib-yetirmədiyi ilə maraqlanır. Məsələn, Xəzər Dəniz Gəmiçiliyi Beynəlxalq Dəniz Təşkilatı qarşısında işçilərini tibbi sığorta ilə təmin etmək öhdəliyi götürüb. Həmçinin ARDNŞ, “bp-Azerbaijan” və “McDermott” şirkətləri də beynəlxalq tərəfdaş qurumlar qarşısında analoji öhdəliklərin daşıyıcısıdır. Bu isə o deməkdir ki, həmin şirkətlər Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi vəziyyətindən asılı olmayaraq, öz işçilərini bu xidmət növü ilə təmin etməlidir.

- Bəs, bu öhdəlilərə nələr daxildir?

- Niyə yalnız ARDNŞ, “bp-Azerbaijan”, “McDermott” kimi yüksək əməkhaqqı və güclü sosial, maddi-texniki bazası olan şirkətlərin işçilərinə belə şərait yaradılır? Bəs, heç bir yerdə işləməyən əlillər və pensiyaçılar, kimsəsizlər? Onlar Azərbaycan qanunlarındakı hamı üçün bərabər imkanlara əsaslanan xidmətlərdən istifadə edə bilməzmi?

- Azərbaycanda daha hansı şirkət və təşkilatlar öz işçiləri üçün tibbi sığorta xidməti təklif edir?

- İşçilərini tibbi sığorta xidmətləri ilə təmin edən ARDNŞ, “bp-Azerbaijan”, “McDermott” kimi şirkətlər əməkdaşlarını hansı şərtlər daxilində sığortalayırlar?

- Hansı şirkətlərdə sığorta olunan işçilərin əməkhaqqından nə qədər sığortahaqqı tutulur? Sığorta ödənişləri hansı sığorta şirkətlərinin hesabında toplanır? İşəgötürən, sığorta şirkəti və tibb müəssisələri arasında münasibətlər necə tənzimlənir?

- İri şirkətlərin bu sahədəki təcrübəsi Azərbaycanda icbari tibbi sığorta sistemi “düyününün” açılmasında hansı rolu oynaya bilər?

Bu və ya digər sualların cavabını növbəti yazılarda diqqətli oxuculara və maraqlı tərəflərə çatdırmağa çalışacağıq. Lent.az-ı izləyin!


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2912

Oxşar yazılar