Bir gündə yük avtomobillərindən 4900 manat cərimə tutulub
10 avqust 2009 17:45 (UTC +04:00)

Bir gündə yük avtomobillərindən 4900 manat cərimə tutulub

Yol qurğularına ziyan vuran yük avtomobillərinin sürücüləri 120 manatadək cərimə ödəyəcək

Avqustun 5-də Bakı-Qazax yolunda keçirilən reyd zamanı 49 yük avtomobilinin sürücüsü inzibati qaydada cərimələnib. Bu tədbirlər çərçivəsində 49 sürücüdən ümumilikdə 4 min 900 manat məbləğində cərimə tutulub.

Lent.az-ın məlumatına görə, ağır tonnajlı yük avtomobillərinin respublika əhəmiyyətli yollarda hərəkətinə qoyulan məhdudiyyətlərlə bağlı Nəqliyyat Nazirliyində keçirilən tədbirdə nazirliyin katibliyinin rəisi Namiq Həsənov belə deyib. Baş Dövlət Yol Polis İdarəsi və “Azəryolservis” ASC-nin nümayəndələrin də iştirak etdiyi tədbirdə respublika əhəmiyyətli yollarda iri qabaritli yük avtomobillərində daşınan yüklərin tonnajının müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması və bu sahədə görülən işlərdən danışılıb. Namiq Həsənov bildirib ki, Nazirlər Kabineti iyulun 7-də “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”ni təsdiqləyib. Onun sözlərinə görə, ötən 1 ay ərzində Nəqliyyat Nazirliyi müvafiq qurumlarla birgə qərarın icrası istiqamətində ciddi addımlar atsa da, hələ bu sahədə görüləsi çoxlu işlər var.

“Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hüseynov isə bu qərarın yol təsərrüfatının qorunub saxlanması üçün əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, son illər Azərbaycanda Avropa standartlarına uyğun yeni yollar, körpülər çəkilir. Ancaq yükgötürmə qabiliyyətindən artıq yüklənən iri tonnajlı avtomobillər həmin yolları dağıdır: “İndi Azərbaycanda 19 minə yaxın iri tonnajlı avtomobil var. Onların yarıya qədəri istismar müddətini başa çatdırsa da, hazırda istifadədir. Təxminən 15-18 min avtomobil isə mütəmadi yük daşımaqla məşğuldur. Həmin avtomobillər öz gücündən hətta 3 dəfə çox yük vurur. Bu isə yolların dağıdılması ilə nəticələnir”.

Yol qurğularının çox baha olduğunu qeyd edən edən Vaqif Hüseynov deyib ki, hazırda ən çox yüklənməyə məruz qalan yol Bakı-Qazax magistral xəttidir. Onun sözlərinə görə, artıq əsas magistral yollarda daşınan yüklərin tonnajının uyğunluğu barədə yoxlamaların nəticəsi bəllidir: “İndiyədək təkcə Şirvan şəhərində Kür çayı üzərində keçən körpüdə 14 dəfə təmir işləri aparmışıq. Halbuki, bu körpünün bütün parametrləri Avropa standartlarına uyğundur. Ancaq avtomobillərin normadan artıq yüklənməsi körpünü tez-tez sıradan çıxarır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, yük maşınlarının hər oxuna 10 ton yük düşməlidir. Maksimal kütlə isə qoşqu ilə birlikdə 44 tondan artıq ola bilməz. Avtomobilin daşınan yük ilə birgə hündürlüyü 4 metr, eni 2 metr, uzunluğu isə 20 metrdən çox olmamalıdır. Əks halda, avtomobilin sürücüsü 15-20 manat, vəzifəli şəxslər isə 300 manatdan çox cərimə ödəməli olacaq. Bundan başqa, normadan artıq yüklənmə nəticəsində yol qurğularına ziyan dəydikdə sürücü 15-20 manatdan əlavə 80-100 manat da ziyana görə cərimə ödəməlidir.

Elxan SALAHOV
# 762

Oxşar yazılar