“Bakı-Tiflis-Qars həm də mədəni və iqtisadi perspektivləri olan layihədir” - MÜSAHİBƏ
08 fevral 2011 10:58 (UTC +04:00)

“Bakı-Tiflis-Qars həm də mədəni və iqtisadi perspektivləri olan layihədir” - MÜSAHİBƏ

Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırımın “APA-ECONOMICS”ə müsahibəsi


- İstər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin, istərsə də regional əməkdaşlığın önəmli layihələrindən olan Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi ilə bağlı işlər hansı mərhələdədir? Layihənin həyata keçirilməsi prosesində hər hansı problemin yaşanmasından söhbət gedə bilərmi?

- Türkiyənin Azərbaycan və Gürcüstanla qonşuluq münasibətləri olduğu qədər, qardaşlıq münasibətləri də var. Bax, bu layihə qardaşların bir-birinə daha sıx şəkildə bağlanmasına, sevinclərini birlikdə bölüşməsinə, istehsal etdikləri məhsulları müştərək şəkildə daşımağa imkan verəcək olan ən önəmli addımlardan biridir. 6 il əvvəl Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstanın nəqliyyat nazirləri bir iclas keçirdi. Orada Bakı, Tiflis və Qarsı dəmiryolu ilə bir-birinə bağlamağa qərar verdik. 27 iyul 2007-ci ildə də protokol imzaladıq. Təməlini atdığımız dəmiryolunun Türkiyə-Gürcüstan bölümü beynəlxalq standartlara uyğun şəkildə inşa edilir. Hətta o yolda qatarların sürəti saatda 120 km-ə hesablanıb. 2,5 km-lik bir tunel, 3 uzun körpü və 12 üst keçid nöqtəsinin tikiləcəyi dəmiryolu xəttinin üzərində Türkiyə-Gürcüstan sərhədində bir stansiya da tikiləcək. Tikinti işləri davam edir. Layihənin 2012-ci ildə başa çatdırılmasını planlaşdırırıq. Layihənin Gürcüstan tərəfindəki 28 km-lik bölümündə də tikinti işləri davam edir. Xəttin istifadəyə verilməsindən sonra 2012-ci ildə 1,2 mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə haqqında söhbət gedən dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. yük daşıması olacağını təxmin edirik. Bakı-Tiflis-Qars xətti, Marmaray və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək. Bakı-Tiflis-Qars sadəcə bir dəmiryolu layihəsi deyil, sosial, mədəni və iqtisadi perspektivləri də olan bir layihədir. Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə bölgədəki daşıma potensialından ən səmərəli şəkildə istifadə ediləcək, ölkələrimiz arasında tarixdən gələn dostluq və qardaşlıq bağları daha da güclənəcək, ticarət inkişaf edəcək.


- Qarsla Naxçıvan arasındakı dəmiryolu layihəsinin həyata keçirilməsi ilə bağlı nələr demək istərdiniz?

- Qars-Tiflis dəmiryolunun tikintisindən sonra Avropaya və cənubdakı limanlarımıza Qafqaz və Orta Asiya ölkələrindən önəmli həcmdə yük nəql olunacaq. Nazirliyimiz tərəfindən 1994-cü ildə etüd layihəsi yapılan Qars-İqdır-Aralıq-Dilucu dəmiryolu, daha sonra Naxçıvan və İran dəmiryolu şəbəkəsinə bağlanacaq. Bundan əlavə, ölkəmizin önəmli heyvandarlıq bölgəsi olan İqdır vilayətimizə də dəmir yolu çəkiləcək. Qars-İqdır-Aralıq-Dilucu dəmiryolu xəttinin tətbiqi layihələrinə 22 mart 2010-cu ildə başladıq. Digər tərəfdən, tətbiqi layihələri hazırlanan Sivas-Qars xəttinin hazırlıq işlərinə də yuxarıda qeyd etdiyim layihələrin həyata keçirilməsi müsbət təsir göstərəcək. Sivas-Qars layihəsində xəttin uzunluğu 223,6 km olub ikitərəfli, elektrikli və siqnallı yapılacaq. Çöl sahələrindəki xəritə və dərinlik ölçmə işlərini bitirdik. Layihə və maliyyə hesablama işləri də bitmək üzrədir. Tunel, uzun körpü və tarixi əsərlərin qorunması ilə bağlı layihələndirmə işlərimiz davam edir. Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi hər gün artır. Qars-Naxçıvan və Bakı-Tiflis-Qars layihələrinin tamamlanmasından sonra ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 10 mlrd. dollara yüksəlməməsi üçün heç bir səbəb olmayacaq.


- Türkiyənin həyata keçirdiyi regional əməkdaşlıq layihələri çərçivəsində Xəzər dənizinin önəmli rol oynaya biləcəyi şübhə doğurmur. Bununla bağlı düşündüyünüz yeni layihələr varmı?

- Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu, hər iki ölkənin tale birliyini bütün dünya bilir. Bizim aramızda sarsılmaz bağlar vardır. Biz tarix boyu eyni nağılları dinləmişik, eyni mahnıları oxuyaraq böyümüşük, eyni musiqi, eyni ritmlərlə gözlərimiz yaşarıb, eyni havalara oynayıb əylənmişik. Ona görə də ölkələrimiz arasında sadəcə nəqliyyat və kommunikasiya sahəsində deyil, sənaye və tikinti sahələrində də önəmli əməkdaşlıqlar bizi gözləyir. İki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək üçün bir çox layihə üzərində işləyirik. Çalışmalarımız qətiləşəndən sonra bu layihələri də elan edəcəyik.


- Mart ayında Bakı-İzmir təyyarə reysləri başlayacaq. Bakı-Qars və Bakı-Trabzon təyyarə reysləri ilə bağlı hər hansı problemin yaşanmasından söhbət gedə bilərmi?

- Trabzon-Bakı və Qars-Bakı təyyarə reysləri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından önəmlidir. “Azərbaycan Hava Yolları” da iki ölkə arasındakı əlaqələrin gücləndiyini nəzərə alaraq, Bakı-İzmir-İstanbul aviareyslərinə başlayır. Bu reyslərin başlaması ticarətə təkan verəcəyi kimi, turist səfərlərinin də artmasına səbəb olacaq. Ölkələrimiz arasındakı əməkdaşlığın güclənməsinə paralel olaraq bu cür aviareyslərin sayının artmasını arzu edirəm.
# 727

Oxşar yazılar