Tualetin vəziyyəti ev sahibinin səliqə-sahmanına və məişət rahatlığına verdiyi önəmə dair çox şey deyə bilər. Parlaq və təmiz sanitar qovşaq sadəcə gözəllik yox, həm də gigiyena, detallara diqqət və ailə üzvlərinin sağlamlığına qayğının göstəricisidir. Xüsusilə də söhbət evdə ən çox istifadə olunan əşyalardan biri olan tualetdən gedirsə. Əgər ona müntəzəm qulluq edilməzsə, cəmi bir neçə gün ərzində əhəng çöküntüləri, ləkələr, kif və xoşagəlməz qoxular yaranacaq.
Lent.az xəbər verir ki, mütəxəssislər gündəlik olaraq fırçadan istifadə edib çöküntüləri təmizləməyi, qapağı, oturacağı, su buraxma düyməsini və xarici səthi antiseptiklə silməyi, həmçinin ətrafdakı döşəmə və divarları da unutmamağı tövsiyə edirlər.
Məhz həmin yerlərdə gözlə görünməyən mikrob və çirk hissəcikləri toplanır. Lakin gündəlik təmizlik hər zaman kifayət etmir, həftədə bir dəfə daha dərin təmizlik aparmaq lazımdır. Ən sadə və effektiv üsullardan biri demək olar ki, hər mətbəxdə olan təbii vasitələrdən istifadədir.
Məsələn, tualet qabına gecə bir xörək qaşığı limon turşusu tökmək olar. Bir neçə saat ərzində o, əhəng çöküntülərini əridir, pis qoxuları aradan qaldırır və keramikaya parıltı verir. Səhər isə əlavə zəhmətsiz və kimyəvi maddələrsiz səthin nə qədər təmizləndiyini görəcəksiniz.
Limon turşusundan əlavə, soda və sirkə qarışığı da çox yaxşı işləyir: onlar çirkləri effektiv şəkildə təmizləyir, səthi ağardır və bakteriyaları məhv edir.
Ağardıcıdan da istifadə etmək olar, cəmi dörddə bir stəkan kifayətdir ki, nəzərəçarpacaq nəticə əldə edəsiniz. Bu kimi sadə tədbirlər tualeti yalnız ideal təmiz saxlamağa yox, həm də avadanlığın xidmət müddətini uzatmağa imkan verir.