CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü il martın 6-da Bakının Qaradağ rayonunda qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşları məlumat əsasında hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Lökbatan qəsəbəsi, “Qobu Park-1” Yaşayış Kompleksində baş verib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 6-ı gecə saat 1 radələrində Məzahir Bayramov yaşayış kompleksində yerləşən kafenin qarşısında İlham Haqverdiyevlə mübahisə edəndən sonra ordan uzaqlaşıb və 10-15 dəqiqədən sonra geri qayıdıb. 1 nömrəli binanın 2-ci girişinin qarşısında İlham Haqverdiyevin, yenidən onu təhqir etməsindən əsəbləşərək, üzərindəki açılıb-qatlanan bıçaqla tanışının sinəsinə və qarınına ümumilikdə 4 dəfə zərbə vurub. Nəticədə Məzahir Bayramov ölüb.

Məzahir Bayramovun əməlində CM-nin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanılmması rədd edilib. Elşən Bayramov və Cəsur Həsənov iş üzrə şahid kimi tanınıblar.
İş üzrə dindirilmiş Məzahir Bayramov bildirib ki, İlham Haqverdiyev qonşuluqda yaşayıb, ondan 10 yaş böyük olub. Hadisədən 4-5 ay əvvəl məhəllədə olanda İlham dostları ilə sərxoş vəziyyətdə gələrək, ona çiyin atıb:
“Bu hərəkətinin səbəbini soruşanda, İlham cavab olaraq nə edirsə, yaxşı etdiyini dedi. İlhama içkili olduğunu, düzgün hərəkət etmədiyini izah etməyə çalışanda, qonşum üzümə yumruq atdı. Buna baxmayaraq özümü təmkinlə aparıb İlhama içkili olduğunu və sabah söhbət etməyimizi bildirsəm də, sonuncu indi danışacağımızı dedi. Onu özümə məxsus “Toyota” markalı avtomobilimə mindirərək, maşını Qobu kənd istiqamətində sürdüm. Maşında mübahisə etdik. Sonra məhəlləyə qayıtdıq. Evdə ailə üzvlərimə hadisə barədə heç nə danışmadım.

Növbəti gün İlhamla görüşəndə o, ötən axşam içkili olduğundan, düzgün hərəkət etmədiyini bildirərək məndən üzr istədi. Qonşumdan bir daha belə hərəkət etməməsini xahiş etdim, bununla da söhbət qurtardı. Bu hadisədən sonra dəfələrlə rastlaşdıq, aramızda ədavət olmadı. Martın 6-da məhəllədə uşaqlarla tonqal qalayıb xeyli söhbət edirdik. Sonra marketə gedərək, özümə spirtli içki aldım və aşağı məhəlləyə doğru getdim. Nihadla İlham məni görüb, öz aralarında gülüşməyə başladılar və kafeyə daxil oldular. Mən də əlimdəki içkini su sayğacının üzərinə qoyaraq, həmin obyektə girdim. Nihad yaxınlaşıb siqaret istəyəndə mənə 2 ədəd siqaret verdi. İlham içkili halda onun qulluğunda durmalı, dediyi hər şeyi etməli olduğumu bildirdi. Sonra siqaretin tüstüsünü onun üzünə üfürdü. Kafenin sahibi Tehran bizə yaxınlaşaraq, obyekti bağlayacağını və çölə çıxmağımızı dedi. Bizimlə bərabər kafedə adlarını xatırlamadığım 2 nəfər də vardı. İlhamla Nihadın uşaqların yanında məni “sındırdıqları” üçün ağlamağa başladım. Nihad tutub sinəmdən arxaya itələyərək, onlara heç kimin söz deyə bilməyəcəyini bildirdi. Ordan aralanaraq, atam Elşən Bayramova İlhamla Nihadın məni hədələməsi haqda mesaj yazdım. Atam və dayım oğlu Cəsur Həsənov yanıma gəldilər. Atamdan telefonu alaraq, Nihada zəng etdim. Harda olduğunu soruşanda, Nihad mənə sərt cavab verdi. Bunu eşidən atam telefonu əlindən alaraq özü Nihadla danışmağa başladı, ona düzgün hərəkət etmədiyini izah etməyə çalışdı. Telefonu Nihaddan alan İlham nalayiq ifadələr işlədəndə, qaçaraq kafenin qarşısına gəldim. Atamgil də arxamca gəldilər. Ünvanıma söyüş söyən İlhama bıçaqla zərbələr endirdim”.

Məzahir Bayramov
Şahid Günay Xanışova ifadəsində göstərib ki, İlham Haqverdiyevlə nişanları nəzərdə tutulsa da, 2021-ci ilin dekabr ayında ayrılıblar:
“Hadisə günü, saat 22:17-də İlham zəng edib, aramızdakı problemləri həll etmək istədiyini dedi. Mən də artıq gec olduğunu və evdən çıxa bilməyəcəyimi söylədim. Hadisə bundan bir neçə saat sonra baş verdi. Həyətdən səs-küy eşitdim. Nə baş verdiyinə baxmaq üçün dərhal pəncərəyə tərəf getdim. 5-ci binadan bir qadın polis çağırdığını deyərək, qışqırırdı. Pəncərədən hadisəni telefonumla çəkdim. Çox qaranlıq olduğundan videoda demək olar çox şey görünmürdü, dalaşanların kim olduğunu görmək mümkün deyildi. Kiminsə “İlham, İlham” deyə qışqırdığını eşitdim. Çox narahat olduğumdan İlhama zəng etdim. Amma o, cavab vermədi. Növbəti dəfə zəng edəndə, tanımadığım şəxs İlhamın yaralandığını və xəstəxanaya aparıldığını bildirdi. Sonra məhəlləyə düşdüm. Hadisənin necə baş verdiyini soruşan polislərə Məzahirin dava zamanı adını eşitdiyimi dedim”.

İlham Haqverdiyev
Şahid Elşən Bayramov bildirib ki, işdən yorğun gəldiyindən çarpayıda evdə uzanıb. Bu zaman oğlu Nihadla İlhamın yenə onu hədələyib, sıxışdırdığına dair mesaj yazıb:
“Buna görə tez evdən çıxıb Məzahirin yanına getdim. 1-ci binanın altında yerləşən kafedən 4 nəfər çıxdı. Onlardan biri Nihad, digəri isə İlham idi. 2 nəfəri tanımadım. Oğlumun yanına getməkdə məqsədim onu həmin şəxslərlə barışdırmaq, mübahisəni sakitləşdirmək idi. Nihada Məzahirin onlardan balaca olduğunu söyləyərək, onunla işləri olmamasını xahiş etdim. İlham sərxoş halda idi, özünü idarə edə bilmirdi. Hadisə anında Məzahir İlhamla, mən isə Nihadla üzbəüz dayanmışdıq, aramızda 15 metr məsafə vardı. Məzahir İlhamı bıçaqla vuran kimi, qaçaraq, yanımıza gəldi. Gödəkçəsindən yapışıb özünə tərəf çəkdi və üstünə qışqırdı. Hadisə vaxtı qaynımın oğlu Cəsur Həsənov Məzahiri hadisə yerindən uzaqlaşdırmaqdan ötrü qolundan tutub saxlamışdı. Bu zaman oğlum gödəkçəni çıxarıb, yenidən İlhamın üzərinə getdi. Kompleksdə yaşayan sakinlər həyətə düşdü. Yaralanan şəxsi xəstəxanaya aparmaqdan ötrü evə qaçıb avtomobilin açarlarını götürdüm. Geri qayıdanda, artıq İlhamın xəstəxanaya aparıldığını və bir müddətdən sonra öldüyünü bildim. 102 xidmətinə zəng edib özüm hadisə barədə məlumat verdim. Ya mənim, ya da oğlumun planlı şəkildə İlhamı öldürmək məqsədimiz olmayıb. Narkotik vasitərdən istifadə edən Cəsur Həsənov hadisədən 4 ay sonra həbs edildi. Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir”.

Şahid Nihad Xudulu ifadəsində göstərib ki, hadisə baş verən gün dostu İlhamla 1 nömrəli binanın altında yerləşən “PUB” kafedə pivə içiblər. Sonradan daha 2 nəfər tanışları gəlib, onlarla əyləşib:
“Bir müddətdən sonra ayaqyoluna keçdim, ordan çıxanda İlhamla Məzahirin söhbət etdiklərini gördüm. İlham Məzahirə onların dostu olduğunu söyləsə də, sonuncu sanki onu dinləməyərək, əlindəki spirtli içkini içirdi. Bundan sonra mən İlhamın qolundan tutdum, ikimiz də içəri keçdik. Məzahir obyektə daxil olmadı. Bundan sonra Elşən Bayramov mənə zəng edib sərt şəkildə İlhamla birlikdə parka gəlməli olduğumu bildirdi. Mən İlhamla arxa qapıdan çıxan kimi Məzahir, atası Elşən, bibisi oğlu Cəsur və qardaşı Cəsarət üstümüzə gəldi.

Nə baş verdiyini soruşduqda, Elşən İlhamla söhbətləri olduğunu bildirdi. Məzahirin cibindən bıçaq çıxarmasını atası da gördü. Məzahir qarşısından çəkilməyəcəyi halda məni vuracağını dedi. Sonra bıçağı mənə tərəf atdı, lakin cəld tərpəndiyimdən alət gödəkçəmin qoltuqaltı hissəsinə girdi. Arxaya addımlar atıb maşına çırpıldım. Məzahiri saxlamaq istəyərkən atası əli ilə onun boğazından tutdu. Məzahir İlhamın arxasınca qaçaraq avtomobilin ətrafında bir dəfə dövrə vurdular. Sonra çataraq, ona zərbə vurdu. Dəqiq neçə zərbə vurduğunu görmədim. Atası Məzahiri ordan tutub apararkən, o, qışqıra-qışqıra yenə geri qayıtmaq istəyirdi. İlhamı qucaqlayıb, birlikdə 10-15 metr getdikdən sonra dostum yerə yıxıldı. Qışqırıb insanları köməyə çağırdım. İlhamı Vüsal adlı şəxsə məxsus avtomobilə mindirib Respublika Klinik Xəstəxanasına çatdırdıq. Amma həkimlər müayinə edib, artıq onun öldüyünü dedilər. Elşən Bayramov zəng edib İlhamın vəziyyətinin necə olduğunu soruşanda, ona xəstəxanaya gəlmələrini və gizlənməmələrini bildirdim”.

Nihad Xudulu əlavə edib ki, İlhamla Məzahirin arasında mübahisə olmayıb:
“Dostum onun üzünə siqaretin tüstüsünü üfürməyib. Məzahirə bizim qulluğumuzda durmalı olduğuna dair ifadə işlətməyib. Mən də Məzahirin üzündən öpərək, qardaş olduğumuzu və daim mehriban qalmağımızı söylədim. 2023-cü ildə Məzahirlə bir dəfə mübahisəmiz olub. Kafedə həmin vaxt həbsdən yeni çıxmış bibisi oğlu Cəsur Həsənov bizə tərəf çevrilərək, niyə baxdığımızı soruşmuşdu və aramızda bu səbəbdən dava düşmüşdü”.
Məhkəmədə iclasında Məzahir Bayramov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Sabir Haqverdiyev ifadəsində göstərib ki, qarşı tərəflə aralarında barışıq əldə olunmayıb. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.

Məhkəmə hesab edib ki, Məzahir Bayramovun əməli istintaq orqanı tərəfindən CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif olunub. Ona həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Bayramov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.