Aparata səhv yüklənən pullar necə geri qaytarılır? - AÇIQLAMA
21 fevral 2022 15:15 (UTC +04:00)

Aparata səhv yüklənən pullar necə geri qaytarılır? - AÇIQLAMA

Bir neçə il əvvəl ortaya çıxan ödəmə terminalları insanların rahat və operativ ödəmə əməliyyatını yerinə yetirməsinə vəsilə oldu. Bu terminallar hətta mərkəzdən kənarda yaşayanlar üçün də əlverişli olub, demək olar hər küçədə yerləşən marketlərdə rast gəlinir. Amma adı çəkilən əlverişli vasitənin qaranlıq qalan, insanları incidən bir yanı da var. Belə ki, bəzən istifadəçilər pulu səhv yükləyir, yaxud əməliyyatı düzgün yerinə yetirməsinə baxmayaraq, ödəniş səhv ünvana yönəlir.

Bəs bu zaman terminallarda “batan” pulları necə geri qaytarmaq olar?

Mövzu ilə bağlı “Milli Ön”ün müştəri əlaqələri rəhbəri Ülviyyə Əfəndiyeva Lent.az-a bildirib ki, müştəri hər hansı çətinliklə üzləşibsə qaynar xəttə məlumat verməlidir. Onun sözlərinə görə, dərhal əməkdaşlar tərəfindən məsələ araşdıralacaq və həll ediləcək:

“Əgər müştəri hesabına düzgün ödəmə edirsə aparat heç bir halda yanlış hesaba pulu yükləyə bilməz. Müştəri səhv koda, hesaba və ya nömrəyə ödəmə edirsə mütləq şəkildə bizim qaynar xəttlə əlaqə saxlayıb üzləşdiyi çətinliyi bildirməlidir. Əməkdaşlarımız sorğunu qeydə alıb sistemdə müvafiq yoxlamaları apararaq müştərinin şikayətini qeydiyyata götürür. Səhv koda edilən ödəmənin düzgün koda keçirilməsi üçün lazımi dəstək göstərilir. Müştəri həqiqətən də pulu əskinas qəbulediciyə salıb lazımi xidmətə ödəmə edirsə, pul bata bilməz. Bir sözlə, aparatda edilən bütün əməliyyatlar müvafiq sistemdə qeydiyyata düşür və əks olunur. Çətinliklə üzləşən müştərilər mütləq şəkildə bizim *0010 qaynar xəttə müraciət etməklə məlumat verir və əməkdaşlarımız lazımi dəstəyi göstərir".

Ülviyyə Əfəndiyeva onu da qeyd edir ki, əgər bank hesabına köçürülən pul gecikirsə, bu bank tərəfindən gecikdirilə bilər:

"Məsələn, elə banklar var ki, müəyyən bir saatdan sonra ödəmə edir. Müştəri növbəti günə hesabında o pulu görür. Yaxud bank tərəfindən hər hansı bir çətinlik yaşanırsa pul sistemə gec otura bilər. Bu halda ən uzağı 24 saat ərzində pul yatırılır. Yalnız bir həftəyə pulun gecikdirilməsi qeyri-mümkündür. Müştəri tərəfindən daxil olan sorğular fərqli ola bilər. Məsələn, əgər müştəri səhv bank hesabına pulu köçürübsə həm biz, həm də bank tərəfindən araşdırılma aparılır. Bu halda araşdırma 3 iş günü və ya uzağı 6 iş günü ərzində aparıla bilər. Pul hesaba köçürülsə də belə, müştəri onu geri almaq istəsə müraciət edə bilər və ona dəstək göstəriləcək”.

“E-manat”ın marketinq direktoru Ayşən Həsənova isə problemlə üzləşən müştərilərin qeyd  olunan nömrələrlə əlaqə saxlamasını qeyd  edib:

“Əgər müştəri ödəniş zamanı abunə kodunda səhvlik edərsə, biz dəstək olmağa hazırıq. Lakin ödənişin müştəriyə qaytarılması və ya bərpası xidməti verən şirkətin şərtlərindən asılıdır. Qeyd edək ki, uğursuz və ya hansısa texniki səbəbdən tamamlanmayan ödəniş müvafiq iş günlərində araşdırılır və müştəri məmnunluğu təmin olunur. Çətinliklə üzləşən müştərilərimiz 012 404 48 88 və ya 050 404 48 88 “Whatsapp” nömrəsilə əlaqə saxlaya, həmçinin, sosial media kanallarımıza yaza bilər”.

# 9345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar