Azərbaycanın dayanıqlı inkişafından danışarkən regionların gücləndirilməsi ən vacib məsələlərdən biri kimi ön plana çıxır. Son illər dövlət tərəfindən bölgələrdə yolların yenilənməsi, elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, məktəb və xəstəxanaların tikintisi, həmçinin digər sosial infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün bunlara baxmayaraq, regionların sosial-iqtisadi inkişafı qarşısında hələ də həllini gözləyən problemlər qalır. Xüsusilə yeni iş yerlərinin yaradılması, investisiyaların artırılması, sahibkarlığın genişləndirilməsi, peşəkar kadrların bölgələrdə fəaliyyətə cəlb edilməsi və müasir infrastrukturun qurulması əsas çağırışlar hesab olunur. Eyni zamanda, bölgələrdə daha çox iş və yaşayış imkanlarının yaradılması insanların doğma yurdlarını tərk etməsinin qarşısını ala, ölkənin balanslı inkişafına və iqtisadi dayanıqlılığının daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Bəs hazırda regionların sosial-iqtisadi inkişafı qarşısında duran əsas problemlər hansılardır? Bölgələrin inkişafını sürətləndirmək üçün ilk növbədə hansı addımlar atılmalıdır və ən prioritet sahə kimi nə seçilməlidir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent az-a açıqlamasında bildirib ki, regionların ən böyük problemi iş yerləridir:
“İş yerlərinin məhdudluğu regionlarda yaşayan insanları şəhərə miqrasiya etməyi məcbur edir. Çünki bölgələrdə iş tapa bilməyən gənclər çox zaman şəhərlərə, xüsusən də paytaxt - Bakıya üz tuturlar. Bunun qarşısını almaq üçün iş yerlərini artırmaq və regionlarda özəl sektoru inkişaf etdirmək lazımdır. Əhali axını, demoqrafik dəyişikliklər, regionların boşalması orada iqtisadi fəaliyyət üçün istənilən şəraiti təmin etməyə çətinlik törədir. İşçi qüvvəsinin azlığı və yenidən “şəhərdən regionalara axının təmin olunması” proqramlarının hazırda mövcud olmaması, eyni zamanda regionlarda yaşayış sahələrinin tikilməsi, tikinti xərclərinin artması da çox böyük problem yaradır”.
İqtisadçının sözlərinə görə, investorların bölgələrə marağının aşağı olmasının səbəblərindən biri də maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır:
“Regionlarda sosial statuslu binaların tikilməsinə start verilməlidir. Misal olaraq deyə bilərik ki, “MİDA” bu istiqamətdə bir sıra addımlar atmağa başlayıb. İnvestisiya istiqəmətində çox böyük çətinliklər var. Daha böyük investisiya həcmi Bakı, Abşeron yarımadası, eləcə də işğaldan azad olunmuş ərazilərdə cəmlənir. Regionlarda investisiya axını - istər daxili, istər xarici investorların cəlbi ürəkaçan vəziyyətdə deyil. Bundan əlavə region biznesinin maliyyə çıxışı, bank xidmətlərindən istifadə Bakı şəhərində olduğu kimi deyil. Bir çox bank regionlara kredit ayırmaqda ehtiyat edirlər, bunu riskli hesab edirlər. Bu səbəbdən də regionların biznes maliyyələşməsində çox böyük problemlər yaranır”.
Vüqar Orucun sözlərinə görə, regionların digər problemi də ixtisaslı kadr çatışmazlığıdır:
“İxtisaslı kadr çatışmazlığı əsas problemlərdən biridir. İstər mühəndis, istər həkim, istərsə də digər peşəkar kadrlar yüksək əməkhaqqı səbəbindən mərkəzdə, paytaxtda fəaliyyət göstərməyə üstünlük verirlər. Bu isə əlavə problemlər yaradır.
Eyni zamanda fəaliyyət üçün su və rəqəmsal təminatı, həmçinin, kanalizasiya sistemi, nəqliyyat əlçatanlığı, digər infrastruktur çatışmazlıqları da regionlarda çox böyük problemlər yaradır.
Bu problemlərin həlli üçün əvvəlcə xarici investorları cəlb edəcək mümbit şərait qurmaq, təşviq proqramları yaratmaq lazımdır. Təşviq proqramları həm yerli, həm də xarici sahibkarları investisiya qoymağa sövq edə bilər. Sahibkarlıq üçün vergi güzəştlərinin tətbiqi, kredit əlçatanlığının təmin olunması, turizm sahəsinin inkişafı üçün şəraitin yaradılması, loqistikanı əlçatan etmək, loqistik problemləri həll etmək, o cümlədən, regionları rəqəmsal əlçatanlıq baxımından şəhərin səviyyəsinə yaxınlaşdırmaq və infrastrukturun müasir standartlara uyğun olaraq yenidən təşkil edilməsi əsas amillərdəndir. Sözügedən məsələlər reallaşdırılsa, regionların inkişafında ciddi töhfələr görüləcək”.
Bu yazı Medianın İnkişafı Agentliyinin “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilib.
