Kasatkin Consulting şirkətinin tərəfdaşı Dmitri Kasatkinin sözlərinə görə, ABŞ sanksiyalarına məruz qalan Rusiyanın neft nəhəngi “Lukoyl”un xarici aktivlərinin bazar dəyəri 9 milyard dollara qədər qiymətləndirilir.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, ekspertin izah etdiyi kimi, şirkət həm dost, həm də dost olmayan ölkələrdə aktivlərə malikdir. Avropada “Lukoyl” yerli neft emalı zavodlarında paya malikdir. Analitik həmçinin şirkətin Avropa Birliyində (AB) və ABŞ-da yanacaqdoldurma məntəqələri şəbəkələrini idarə etdiyini izah edib.
Kasatkin enerji nəhənginin Qərb ölkələrindəki aktivlərinin ümumi dəyərini təxminən 4,5-5 milyard dollar qiymətləndirib. Bu məbləğə “Lukoyl” aktivlərini sata və tərəfdaşları ilə birgə enerji layihələrindən çıxa bilər.
Neytral və ya dost ölkələrə gəldikdə, sanksiya tətbiq edilən şirkətin İraq, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstandakı paylarının ümumi dəyəri təxminən 4 milyard dollar olaraq qiymətləndirilir. Əgər “Lukoyl” təcili olaraq yerli layihələrdən çıxsa, təxminən 1-2 milyard dollar qazana bilər. Lakin bu addım Rusiya şirkəti üçün sərfəli olmazdı. Kasatkin yekunlaşdırıb: "Lukoyl”un bu layihələrdən çıxması ehtimalı azdır".
Ekspert qeyd edib ki, enerji nəhəngi, çox güman ki, Qərb ölkələrindəki paylarından imtina etmək qərarına gələcək və 5 milyard dollara qədər qazanc əldə etməyi gözləyə bilər.
“Lukoyl” rəhbərliyinin xarici aktivlərini satmaq planları, şirkətin ABŞ, Avropa və Britaniya sanksiya siyahılarına əlavə edilməsindən qısa müddət sonra məlum olub. Lakin şirkət nümayəndələri konkret payları və ya layihələri açıqlamayıblar. Qərb məhdudiyyətləri “Lukoul”un Avropa Birliyi, ABŞ və Böyük Britaniyadakı bütün törəmə müəssisələrinə təsir edib. Bu fonda Finlandiya artıq yerli Teboil şəbəkəsini bağlamağa başlayıb. Blokun bir neçə başqa ölkəsində də oxşar yanaşmanın tətbiq olunacağı ehtimal olunur.