“Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsi bərpa ediləcək
20 aprel 2013 10:11 (UTC +04:00)

“Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsi bərpa ediləcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektiv barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

Komitə sədri iki ölkə arasında ticarətin genişləndirilməsi, “Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi istiqamətində işlərin intensivləşdirilməsinin vacibliyini bildirib.

 

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən səfir Möhsün Pak Ayin İran hökumətinin Azərbaycanla münasibətləri heç bir məhdudiyyət olmadan genişləndirməkdə maraqlı olduğunu və bir diplomat kimi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışdığını söyləyib. Azərbaycan tərəfinin “Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı təklifinə münasibət bildirən səfir ölkəsinin də bu təklifə müsbət yanaşdığını, sərhədyanı ticarətin genişləndirilməsinə töhfə olacaq bu məntəqənin yaxın zamanlarda fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

 

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Möhsün Pak Ayin bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Azərbaycan və İran gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məqsədilə iki ölkənin sərhəd-gömrük buraxılış məntəqələri əməkdaşlarının işgüzar görüşlərinin keçirilməsinin, bu məntəqələrdə vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin, eləcə də ölkələrimizin gömrük sahəsi üzrə mövcud qanunvericiliklərinin daha dərindən mənimsənilməsi üçün birgə treninqlərin keçirilməsinin zəruriliyini nəzərə çatdırıb.

 

Ümumiyyətlə, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışan səfir İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Abbas Memarnejadın rəsmi dəvətini Dövlət Gömrük Komitəsinin sədri A. Əliyevə çatdırıb, bu səfərin yaxın zamanlarda gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305

Oxşar yazılar