Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb
18 noyabr 2026 04:16 (UTC +04:00)

Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb

0

Havaların soyuması ilə sürücülər avtomobilin salonundakı sobanın əvvəlki kimi yaxşı qızdırmadığını tez-tez müşahidə edirlər. Bunun bir neçə səbəbi ola bilər. Problem isə heç də həmişə birbaşa isitmə sistemindən qaynaqlanmır.

Lent.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya "Avilon" avtomobil şirkətinin mexaniki təmir istiqaməti üzrə direktor müavini Leonid İyanov danışıb.

Ekspert sobanın zəif işləməsinin ilk səbəbinin antifrizin səviyyəsinin aşağı olması olduğunu bildirib. Onun sözlərinə görə, soyuducu mayenin miqdarı azaldıqda isitmə radiatorunda dövran zəifləyir və salonun havası lazımi qədər isinmir. Belə vəziyyətdə sistemdə sızmaların olub-olmadığını yoxlamaq vacibdir.

İkinci səbəb termostatın nasazlığıdır. Termostat açıq vəziyyətdə ilişib qaldıqda mühərrik normal iş temperaturuna gec çatır. Bu problem xüsusilə qış aylarında özünü göstərir. Avtomobil uzun müddət idarə olunsa belə, mühərrik lazımi temperatura qədər qızmaya bilər.

Üçüncü səbəb isitmə radiatorunun tutulmasıdır. Vaxt keçdikcə, xüsusilə antifriz uzun müddət dəyişdirilmədikdə, radiatorun daxilində çöküntülər yığılır. Nəticədə istilik mübadiləsi zəifləyir və soba əvvəlkindən daha az istilik verir.

Dördüncü səbəb iqlim sisteminin hava yönləndirici qapaqlarının nasazlığı ola bilər. Bəzən mühərrik kifayət qədər qızsa da, hava çıxışlarından salona soyuq hava daxil olur. İyanov bu halda temperaturun tənzimlənməsinə cavabdeh olan qapağın yoxlanılmasını tövsiyə edir.

Beşinci səbəb isə salon filtrinin çirklənməsidir. Bu zaman hava isti olsa da, salona zəif axınla daxil olur. Nəticədə avtomobilin salonu daha gec isinir.

Mütəxəssis qeyd edir ki, avtomobil sahibləri çox vaxt problemi birbaşa sobada axtarırlar. Halbuki nasazlıq mühərrikin soyutma sistemində də ola bilər. Buna görə də yalnız salon filtrini dəyişməklə və ya antifriz əlavə etməklə kifayətlənmək olmaz. Avtomobilin ümumi diaqnostikasının aparılması tövsiyə olunur.

Xüsusilə sobanın zəif işləməsi ilə yanaşı mühərrikin temperaturunda dəyişikliklər müşahidə edilirsə və ya soyuducu mayenin səviyyəsi azalırsa, avtomobilin yoxlanılması daha vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar