Azərbaycanda keyfiyyətli yanacağa tələbatın durmadan artdığı bir dövrdə ARDNŞ-in emal qurğularının məhsuldarlığının, istilik mübadiləsi effektivliyinin, emal dərinliyinin yüksəldilməsi, eyni zamanda enerji xərclərinin azaldılması kimi məsələlər diqqət mərkəzində saxlanılır.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün bunlar nəzərə alınaraq, Heydər Əliyev adına Bakı neft emalı zavodundakı mövcud ED-AVQ-6, katalitik riforminq, katalitik krekinq və tədrici kokslaşma qurğularının yenidən qurulması və təkmilləşdirilməsi planlaşdırılır.
Bu məqsədlə zavodda İşçi Qrupu yaradılıb. Neftin ilkin emalı üzrə ED-AVQ-6 qurğusunun texniki-iqtisadi əsaslandırmasını aparmaq, yenidənqurma işlərinin həcmini qiymətləndirmək məqsədi ilə Foster Wheeler İtaliana (FWİ) şirkəti bu işlərə cəlb edilib. Şirkət işə 2013-cü ilin yanvar ayından başlayıb və artıq ilkin hesabatlarını təqdim edib. Təqdimat zamanı FWİ şirkətinin nümayəndələri məlumatların toplanması və simulyasiya prosesləri zamanı lazım olacaq xammal növündən istifadə olunması haqqında məlumat verib, ED-AVQ-6 qurğusunun işində bir neçə çatışmazlıq aşkar etdiklərini bildiriblər. Bunlar, mövcud sobaların istilik gücünün kifayət qədər olmaması, kolonlarda daha məhsuldar boşqablardan istifadənin zəruri olması və istehsal olunan məhsulların temperaturlarına dəqiq nəzarətin təmin edilməsi kimi məsələlərdir. May-iyun ayları ərzində FWİ tərəfindən ED-AVQ-6 qurğusunun yenidənqurulmasının yekun texniki-iqtisadi əsaslandırmasını təqdim ediləcək, bunun əsasında isə gələcək yenidənqurma işləri müəyyənləşdiriləcək.
Ramiz Mikayıloğlu