Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkəmizdə səfərdə olan İsveçrənin Federal kansleri, iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder Ammann başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrədə iqtisadi və valyuta siyasəti, iqtisadi və çoxtərəfli əməkdaşlıq, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə seçki qrupu çərçivəsində əlaqələr müzakirə olunub.
Yohan Şnayder Ammann ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq ənənəsindən məmnun olduğunu söyləyib. O, ölkədə aparılan iqtisadi islahatlar, Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət, eləcə də ümumilikdə böhranla mübarizə istiqamətində atılmış addımları yüksək qiymətləndirib. Elman Rüstəmov isə ölkəmizin İsveçrə hökuməti ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirib və bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq məsələləri də geniş müzakirə olunub.