“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2013-cü 21 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar Nəqliyyat Nazirliyi üzrə Tədbirlər Planı təsdiq edilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Tədbirlər Planına uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrində yubiley tədbirləri keçirilməkdədir.
Tədbirlər Planında əsasən aprel ayının 22-də Xaçmaz, 24-də Şirvan, 26-da isə Gəncə dəmir yolu qovşaqlarına Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşviqat qatarı göndəriləcək və təntənəli tədbirlər keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyi tərəfindən “Heydər Əliyev dövründə dəmir yolunun inkişafı” adlı sənədli film hazırlanıb və “Azərbaycan dəmiryolçusu” qəzetinin xüsusi buraxılışı çap olunub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilib. Bu dövrdə 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. İstər Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı (yeri gəlmişkən qeyd edək ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında i Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olub), istərsə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu da onun gərgin zəhmətinin bəhrəsidir.
Heydər Əliyev rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir. İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Hazırda ölkə başçısının İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” sürətlə icra olunur.