Abşeronda oğul atasını döyüb.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
İttiham aktına görə, 28 yaşlı Fərid Şükürov anası ilə evə gedərkən atası onların qarşısını kəsib. Ata ondan küsüb evi tərk edən arvadı ilə danışaraq, geri qayıtmasını istəyib. Lakin qadın razılaşmayaraq, etiraz edib. Kişi isə səsini ucaldaraq, onların üstünə qışqırıb. Bundan hirslənən oğul atasına yumruq və təpik zərbələri vurub. Bununla da o, atasının burnunu sındırıb və sifətinə əlavə bir neçə xəsarət yetirib.
Nəticədə Fərid Şükürov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkənin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən işə xitam verilməsini istəyib.
Abşeron rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən iclasda cinayət işinə xitam verilib və Fərid məsuliyyətdən azad olunub.