Tovuzda  sevgilisini yandıran   oğlan həbs edildi - YENİLƏNİB
01 may 2024 12:20 (UTC +04:00)

Tovuzda sevgilisini yandıran oğlan həbs edildi - YENİLƏNİB

Tanışının ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Tovuz rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

İbtidai istintaq davam etdirilir.

***

30 aprel, saat 10:27

Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb.

Lent.az-ın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib.

Xatırladaq ki, Türkanə Məmmədovanı yandırmaqda şübhəli bilinərək Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

***

19 aprel, saat 14:54

Tovuzda qadın yanıq xəsarətləri alıb.

Lent.az-ın məlumatına görə, rayon sakini olan 22 yaşlı Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 34 yaşlı Türkanə Məmmədovanın üzərinə benzin tökərək onu yandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, hadisə nəticəsində T.Məmmədovanın bədəninin 70-80 faizi üçüncü dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

# 9894
avatar

Oxşar yazılar