Rusiyanın Tula vilayətinin prokurorluğu Novomoskovsk şəhərinin dörd sakini barəsində cinayət işinin ittiham aktını təsdiqləyib. Onlar banditizmdə, zor tətbiq etməklə hədə-qorxu yolu ilə pul tələb etmədə, silahlı quldurluqda və qanunsuz sursat saxlamaqda şübhəli bilinir.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq müəyyən edib ki, 2022-ci ilin iyununda Stavropol diyarından olan və Novomoskovskda yaşayan 40 yaşlı bir şəxs sistematik şəkildə cinayət gəliri əldə etmək məqsədilə təşkil edilmiş cinayətkar qrup yaradıb. Qrup üzvləri Tula vilayətində və ölkənin digər bölgələrində yaşayan azərbaycanlı sahibkarlardan pul tələb ediblər. Qrupa onun 37–41 yaşlarında olan üç tanışı daxil olub.
2022-ci ilin dekabrından 2024-cü ilin may ayına qədər cinayətkarlar Novomoskovsk, Uzlovaya və Surqut (XMAO-Yuqra) şəhərlərində dörd cinayət törədiblər. Bu zaman silahdan istifadə olunub, zor tətbiq edilib və hədə-qorxu gəlinib. Nəticədə onlar 1,5 milyon rubldan çox dəyərində əmlakı ələ keçiriblər. Qənimət onların öz istəklərinə uyğun şəkildə bölüşdürülüb.
Bundan əlavə, qrupun təşkilatçısı odlu silaha aid sursatları qanunsuz şəkildə saxlayıb. Cinayətkar dəstənin bütün üzvləri regional Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda həbsdədirlər.
Cinayət işi baxılması üçün Tula vilayət məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.