Bakıda qaz israfçılığı üstündə QƏTL:  "Hər gün deyirdi ki, çox yandırırsan"
27 iyun 2022 20:15 (UTC +04:00)

Bakıda qaz israfçılığı üstündə QƏTL: "Hər gün deyirdi ki, çox yandırırsan"

CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il oktyabrın 1-də Binəqədi rayonu 2-ci Mədən massivində, küçədə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Mirhəsən Mustafayevin meyiti aşkar edilir. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunur. Məhkəmə tibb ekspertinin iştirakı ilə meyitlə baxış keçirilərək digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Qətlə yetirilən Mirhəsən Mustafayevin meyiti

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Yaşar Əbdürəhmanov saxlanılır və faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Yaşar Əbdürəhmanov əvvəllər birlikdə işlədiyi tanışı Mirhəsən Mustafayevlə aralarında olan şifahi razılaşmaya əsasən, 2021-ci ilin sentyabr ayından Mirhəsənin evində kirayədə yaşayıb. Mirhəsən Mustafayev istifadə olunan komunal xidmətlərdən, yəni təbii qazdan və elektrik enerjisindən düzgün istifadə etməməsi ilə bağlı dəfələrlə irad bildirdiyi üçün aralarında mübahisələr baş verib. Növbəti dəfə, oktyabrın 1-i saat 9 radələrində dəhlizdə eyni səbəbə görə yaranmış münaqişə zamanı ev sahibi onu təhqir edərək, dərhal evini tərk etməsini təkid edib. Mütəmadi ona qarşı bu cür aşağılayıcı hərəkətlər etməsindən əsəbiləşən Yaşar Əbdürəhmanov əlbəyaxa olarkən, bıçaqla Mirhəsən Mustafayevin döş qəfəsinə zərbələr endirib. Yaralanan şəxs əlindən çıxıb küçəyə qaçmasına baxmayaraq, onu təqib edərək yaşadıqları evdən 15 metr məsafədə tutub yerə yıxıb. Qışqırıb müqavimət göstərməsinə əhəmiyyət vermədən, yumruqla baş nahiyəsinə, əlindəki bıçaqla isə sinəsinə və qarınına çoxsaylı xəsarətlər yetirərək, Əbdürəhmanov zərərçəkmişi öldürüb.

İş üzrə dindirilmiş Yaşar Əbdürəhmanov bildirib ki, 1979-cu ildə ailə həyatı qurub, nikahdan 2 övladı dünyaya gəlib. 1986-cı ildə ailəsindən ayrılmaqla, tək yaşamağa başlayıb:

“Təqaüdçüyəm, Mirhəsən Mustafayevlə neft şirkətində sürücü işləyəndə tanış olumuşam. Mirhəsən yaşadığı ünvanda, yeni həyətdə yerləşən bir otaqlı evi mənə kirayə vermişdi. Tanışım orda arvadı ilə yaşayırdı. Günlərin bir günü Mirhəsən məndən evdən çıxmağımı tələb etdi. Mən də bir söz demədən oranı tərk etdim və 3 gün Mirhəsənin oğlu İlhamın evində qaldım. Sentyabrın 20-də tanışım zəng edərək, yenidən onun evinə qayıtmağımı təklif etdi. Mən də başqa ev tapa bilmədiyimə görə razılaşdım. Amma 5-6 gündən sonra aramızda mübahisələr başladı. Belə ki, Mirhəsən məndən elektrik enerjisindən və qazdan az istifadə etməyimi tələb edirdi, məni təhqir etmək üçün hər dəfə bəhanə axtarırdı. Əvvəl 80 manata razılaşsaq da, sonradan kirayə haqqını 100 manata qaldırdı. Oktyabrın 1-də səhər yemək hazırlayarkən, ev sahibi içəri daxil oldu. Qazı söndürdü və məndən çıxıb getməyimi tələb etdi. Məni söyərək, döşəməyuyan taxtanı götürüb, üstümə gəldi. Tanışımın davranışına artıq dözə bilmədim. Masada olan açılıb-qatlanan bıçağı götürərək, Mirhəsənə xəsarətlər yetirdim. Mirhəsən Mustafayev yaralı halda otaqdan çıxaraq, küçəyə qaçdı. Bunu görüb əlimdə bıçaqla arxasınca qaçdım və çataraq, bıçaqla ona ardıcıl zərbələr endirdim”. 

Yaşar Əbdürəhmanovun sözlərinə görə, hadisə baş verəndə ətrafda kənar şəxslər olmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Mustafayev ifadəsində göstərib ki, atası Mirhəsən Mustafayev iki dəfə ailə həyatı qurub:

“Yaşar Əbdürəhmanovu uşaqlıqdan tanıyırdım. O, bir vaxtlar bizimlə qonşuluqda yaşayırdı. Həmçinin atamala bir yerdə işləyirdilər. Sentyabr ayında Yaşar bir neçə gün mənim evində qaldı. Lakin sonra ondan xahiş etdim ki, özünə başqa ev tapsın. Yaşarla atamın münasibəti yaxşı idi, atamın onu təhqir etməsini şəxsən görməmişdim. Hadisənin hansı səbəbdən baş verməsindən məlumatım yoxdur”.

Şahid İntiqam Əbdürəhmanov bildirib ki, oktyabrın 1-də səhər telefonla danışarkən atası Mirhəsən Mustafayevin onu evdən qovduğunu deyib:

“Atama telefonu Mirhəsənə verməsini xahiş etdim. Mirhəsən qışqıraraq “telefonu söndürəcəyini və dərhal evindən çıxmasını” tələb etdi. Atama səbrli olmasını, internətə daxil olub, ona ev tapacağımı söylədim. Bundan bir neçə dəqiqə sonra atam zəng edərək, zibil atmaq üçün evdən çıxdığını, Mirhəsən qapını bağladığı üçün evə girə bilmədiyini və əynində nazik köynək olduğundan üşüdüyünü bildirdi. Bundan sonra dəfələrlə Mirhəsənə zəng etsəm də o, telefonuma cavab vermədi. Daha yarım saatdan sonra atam zəng edərək, tanışını bıçaqla vurduğunu dedi”.

Şahid Şəkər Həsənova ifadəsində göstərib ki, oktyabrın 1-i saat 8:30-da o, yaşadığı evdən çıxıb, 15-20 metr aralıda yaşayan anasıgilə gedib:

“Evdən çıxanda Mirhəsən yuxudan oyanmışdı, kirayədə qalan Yaşar da öz evində idi. Anamgildə olanda bacımoğlu Əkbər Bayramov ora gəlib Yaşarla Mirhəsənin mübahisə etdiklərini xəbər verdi. Küçəyə çıxanda, qonşum Tamerlanı gördüm. Tamerlan mənə, Mirhəsənin küçədə bıçaqlandığını dedi. Evin yaxınlığına gəlib çatanda ərim artıq keçinmişdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Əbdürəhmanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

# 7677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar