Dəmir yolu vaqonunda səyahət bəzən sadəcə bir nəqliyyat vasitəsində yol getməkdən çıxaraq maraqlı, hətta ekstremal macəraya çevrilə bilər. Xüsusən də söhbət öz sahəsində “ən” hesab olunan dəmir yolu marşrutlarından gedirsə.
Lent.az xarici mediaya istinadən planetin ən maraqlı 5 yolu haqqında məlumatları təqdim edir.
Transsibir magistralı: dünyanın ən uzun dəmir yolu
Moskva ilə Vladivostok arasında məşhur Transsibir magistralı ilə hərəkət edən 002/001 nömrəli “Rossiya” sürət qatarı marşrutu təxminən 144 saata qət edir. Başlanğıc və son məntəqələr arasındakı məsafə 9288,2 kilometrdir və yol 7 saat qurşağından keçir.
Dəmir yolunun tarixi adı Böyük Sibir yolu və ya sadəcə Transsibdir. III Aleksandrın 9 mart 1891-ci il tarixli imperator fərmanı bu dəmir yolunun tikintisinin rəsmi başlanğıcı hesab olunur.
Magistral Avropadakı mərkəzi hissəni, Uralı, Şərqi Sibiri və Uzaq Şərqi birləşdirib. 1903-cü ildən etibarən Sankt-Peterburqdan Vladivostoka daimi reyslər həyata keçirilməyə başlanıb. Həmin dövrə qədər artıq 12 milyon şpal və 1 milyon ton rels döşənmişdi.
Sonrakı illərdə Böyük yolun müxtəlif hissələrinin tikintisi davam etdirilib. Magistralın inşası və modernləşdirilməsi bu günə qədər davam edir. Belə ki, 2002-ci ildə elektrikləşdirmə başa çatdırılıb, Xinqan tunellərində yenidənqurma işləri aparılıb, Yenisey və Amur çayları üzərində yeni körpülər tikilib.
Albula dəmir yolu: 65 metr yüksəklikdə ensiz dəmir yolu
İsveçrənin məşhur Retiya dəmir yolunun və onun “Albula” qolunun simvollarından biri Landvasser viadukudur.
Bu qövsvari, birxətli körpü Qraubünden kantonunda, Tifenkastel və Filizur stansiyaları arasında yerləşir.
Landvasser çayı üzərindən keçən altı tağlı körpünü hündürlüyü 65 metr olan beş dayaq saxlayır. Körpünün əyrilik radiusu 100 metr, uzunluğu isə 136 metrdir.
Cənub-şərq hissəsində körpü 216 metr uzunluğundakı eyniadlı Alp tunelinə daxil olur. Qatarların hərəkəti 1902-ci ildə açılıb, 1907-ci ildən isə müntəzəm yük və sərnişin daşımalarına başlanıb.
2009-cu ilin yayında aparılan bərpa işləri zamanı daş konstruksiyalar möhkəmləndirilib və dəmir yolu xətti tam yenilənib. Bununla belə, viadukun xarici görünüşü qorunub saxlanılıb. Landvasser viaduku 2008-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bu birxətli körpüdən hər gün təxminən 60 qatar keçir.
Tsinxay-Tibet dəmir yolu: planetin ən yüksək dağlıq ərazisindən keçən yol
Çində Tsinxay əyalətinin mərkəzi Sinin ilə Tibetin paytaxtı Lhasa arasında uzanan birxətli Tsinxay-Tibet dəmir yolu bir neçə dünya rekorduna sahibdir.
Bu, dünyanın ən yüksək dağlıq ərazisindən keçən dəmir yollarından biridir. Marşrutun 981 kilometrlik hissəsi dəniz səviyyəsindən 4000-5000 metr, daha 245 kilometrlik hissəsi isə 5000 metrdən artıq yüksəklikdən keçir.
Marşrutun ən yüksək nöqtəsi Tanqqula stansiyası yaxınlığında, 5072 metr yüksəklikdə yerləşir. Ümumi uzunluğu 1226 kilometr olan yol yüksək dağlıq ərazidə inşa edilmiş ən uzun dəmir yollarından biri hesab olunur.
Digər rekord 3,3 kilometr uzunluğundakı Fenqhuoşan tunelinə aiddir. 4905 metr yüksəklikdə yerləşən bu tunel uzun müddət dünyanın ən yüksək dağ tunellərindən biri sayılıb.
Sərnişinlərin yüksəklik xəstəliyindən əziyyət çəkməməsi üçün Kanadanın Bombardier şirkəti tərəfindən hazırlanmış, oksigenlə təmin oluna bilən xüsusi hermetik vaqonlardan istifadə edilir. Həmçinin fərdi oksigen maskaları nəzərdə tutulub və qatarlarda tibb işçiləri də fəaliyyət göstərirlər.
Kupe vaqonunda səyahətin qiyməti təxminən 1400 yuan, plaskart tipli vaqonda isə 860 yuan göstərilir. Bununla yanaşı, Tibetə səfər edən turistlərin xüsusi icazə almalı olduqları da nəzərə alınmalıdır.
Flom dəmir yolu: fyordun zirvəsinə aparan 21 döngə
Flom dəmir yolu, yəni Flam Railway və ya Flåmsbana Norveçin qərbində yerləşən Oslo-Bergen xəttinin bir qoludur.
Flåmsbana cəmi 20,2 kilometr uzunluğundadır, lakin onun maillik göstəricisi çox yüksəkdir — 1:18. Bundan əlavə, qatar marşrut boyunca 21 kəskin döngədən keçir. Ən kiçik döngənin radiusu 130 metrdir.
Bir istiqamət üçün biletin qiyməti 550 Norveç kronu, yəni təxminən 64 dollar göstərilir.
Səyahət zamanı açılan mənzərələrə görə Beynəlxalq Dəmir Yolu Səyahətçiləri Cəmiyyəti Flåmsbana-nı dünyanın ən gözəl 25 qatar səfərindən biri hesab edib. “National Geographic Traveller” jurnalı isə onu Avropanın ən gözəl 10 qatar səyahəti sırasında göstərib.
Rovos Rail: son dərəcə dəbdəbəli səyahət
Cənubi Afrika Respublikasında fəaliyyət göstərən özəl “Pride of Africa” qatarı dünyanın ən dəbdəbəli qatarlarından biri hesab olunur. Qatar 12 tarixi vaqondan ibarət ilk səfərinə 1989-cu ildə çıxıb. O vaxtdan bəri onun sahibi, iş adamı Rohan Vos hər ekspresi şəxsən yola salır və qarşılayır.
Kupe vaqonlarının interyeri qiymətli ağac növləri ilə işlənib, qobelenlər, rəsmlər, bahalı çini qablar və digər dəbdəbəli əşyalarla bəzədilib.
Sərnişinlər üç növ kupe arasında seçim edə bilirlər: Royal — 16 kvadratmetr, Deluxe — 11 kvadratmetr və Pullman — 7 kvadratmetr.
Restoran vaqonunda ov əti yeməkləri, xüsusi souslarla dəniz məhsulları və antilop steykləri təqdim olunur. Hər yemək üçün somelye uyğun şərab seçir. Restorana daxil olarkən müəyyən edilmiş geyim qaydalarına əməl etmək tələb olunur.
Marşrut boyunca muzeylərə və safari turlarına baş çəkmək üçün dayanacaqlar edilir. Açıq platformalı vaqonda sərnişinlər stolüstü tennis oynaya və ya mənzərələrə tamaşa edə bilirlər. Həmçinin ənənəvi “Five o’clock Tea” mərasimi təşkil olunur.
Ekskursiyalar, güllər və meyvələr də səfərin qiymətinə daxildir. Viktoriya dövrünün ab-havasında belə bir səyahətin qiyməti 3500 dollardan başlayır.